logo

Dövlət Xidməti un və çörəyin qiymətini nəzarətə götürdüyünü deyir

11:44 05-01-2022 | icon 3507
Dövlət Xidməti un və çörəyin qiymətini nəzarətə götürdüyünü deyir

Məlum olduğu kimi, cari ildən daxili bazarda sahibkarlıq subyektləri tərəfindən idxal edilən ərzaqlıq taxıldan istehsal olunan unun qiyməti dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırılıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət tədbirlərini daha da gücləndirib.

Dövlət Xidmətindən YeniAvropa-ya bildirilib ki, qurum tərəfindən bu istiqamətdə preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib.

"Qeyd edək ki, un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Monitorinqlər zamanı qanunvericiliyin pozulması əlamətləri aşkar olunduğu təqdirdə Dövlət Xidməti tərəfindən ciddi tədbirlər görüləcək",-deyə Xidmətin məlumatında bildirilib..