logo

Azərbaycan “OPEC +”un fevralda hasilatı artırmaq qərarını dəstəkləyib

21:41 04-01-2022 | icon 3948
Azərbaycan “OPEC +”un fevralda hasilatı artırmaq qərarını dəstəkləyib

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barel artırılaraq 668 min barelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barel həcmində olmasını nəzərdə tutur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılmasına, 5,8 milyon barel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul edilib.