logo

Qubanın Qrız kəndində qarın hündürlüyü 12 santimetrə çatır

13:31 04-01-2022 | icon 1694
Qubanın Qrız kəndində qarın hündürlüyü 12 santimetrə çatır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 4-ü saat 13:00-a olan məlumatına əsasən, bəzi yerlərdə hava yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, şimal-qərb küləyi əsib, ayrı-ayrı yerlərdə arabir güclənib.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, düşən yağıntının miqdarı Quba, Qusarda 5, Xaltan, Qrız, Xaçmaz, Lerik, Şabranda 2, Lənkəran, Astara, Biləsuvar, Salyan, Altıağacda 1, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Qrızda 12, Ağdərədə (Ordubad) 8, Xaltanda 7, Göygöl, Quba, Lerik, Ordubad, Qusarda 3, Şahbuzda 2, Sarıbaş (Qax), Gədəbəy, Altıağacda 1 santimetr təşkil edib.

Şimal-qərb küləyi əsib, arabir Mingəçevirdə 28, Şəkidə 25, Daşkəsən, Qobustanda 20, Şamaxıda 18, Bakıda və Abşeron yarımadasında 15-18 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Aran rayonlarında 0-2° şaxta, dağlıq rayonlarda 7-11° şaxta, Naxçıvan Muxtar Respublikasında 4-10° şaxta olub.

Qeyd edək ki, ölkə ərazisində yanvarın 5-i gün ərzində və yanvarın 6-da hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.