logo

Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumunun açılış mərasimi olub

17:11 24-11-2021 | icon 1771
Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumunun açılış mərasimi olub

Noyabrın 24-də Bakıda “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki,  “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşan forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş Beynəlxalq Forum dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran nüfuzlu beynəlxalq alim, tədqiqatçı və elm adamlarını bir araya gətirib. Forum çərçivəsində “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, “Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı və digər tədbirlər keçiriləcək.

Forum iştirakçılarını salamlayan Baş nazirin müavini Əli Əhmədov tədbirin əhəmiyyətindən danışıb. O, Nizami Gəncəvinin Azərbaycan xalqının yetişdirdiyi və dünyaya bəxş etdiyi ən böyük şairlərdən biri olduğunu söyləyərək deyib: “Nizami Gəncəvinin bütün yaradıcılığı, həyatı bilavasitə Azərbaycanla bağlıdır. O Gəncədə doğulub və bütün həyatını orada keçirib. Onun yaradıcılığı nə dərəcədə Azərbaycanla bağlıdırsa, o dərəcədə də ümumbəşəri dəyərlərə xidmət etdiyindən bütün dünyaya örnəkdir. Nizami Gəncəvi yaradıcılığına xas olan bütün dəyərlər - xeyirlə şərin mübarizəsi, gözəlliyin tərənnümü, ədalətli cəmiyyət problemi, hesab edirəm ki, bütün xalqlara və bütün dövrlərə aid ümumbəşəri problemlərdir. Nizami Gəncəvi böyük şair olmaqla yanaşı, eyni zamanda, dahi mütəfəkkir, dərin təfəkkürə sahib filosof idi. Onun əsərlərində xalqlar asında dostluq ideyalarını tərənnüm edən tezislər də mövcuddur. İndiki dillə desək, Nizami Gəncəvi xalqlar arasında xoşməramlı səfir idi. Ona görə də bütün dünya onu 880 il sonra da böyük hörmətlə yad edir. Onun əsərləri 880 ildən çoxdur ki, sevilir, oxunur. Nizami Gəncəvi Azərbaycan xalqının fəxri, iftixarıdır. O, səkkiz əsrdən çoxdur ki, şeirləri ilə yaşayır. Güman edirəm ki, şairə xas olan dərin fəlsəfi fikirlər bu forumda müzakirə ediləcək, Azərbaycandan kənarda da Nizami Gəncəvi yaradıcılığına marağı daha da artıracaq”.

Bu gün Azərbaycanın dünyada mədəniyyətlərarası dialoq, tolerantlıq, sülh, əməkdaşlıq və dayanıqlı inkişaf kimi mütərəqqi ideyalarının fəal təbliğatçısı kimi çıxış etdiyini deyən mədəniyyət naziri Anar Kərimov bildirib ki, xalqımızın mədəniyyətinin, onun multikultural dəyərlərinin və baxışlarının formalaşdırılmasında Nizami Gəncəvi poeziyasının müstəsna rolu olub: “Şərqin böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi təkcə öz doğma vətənində deyil, bütün dünya ədəbiyyatında dərin iz buraxmış dahi şəxsiyyətlərdəndir. XII əsr Azərbaycan Atabəylər dövlətinin əsas mərkəzlərindən olan Gəncədə dünyaya gəlmiş Nizami ömrünün sonunadək bu qədim şəhərdə yaşayıb, Atabəylər, Şirvanşahlar və digər türk dövlətlərinin hökmdarlarının xahişi ilə dünya mədəniyyəti xəzinəsinə öz misilsiz incilərini bəxş edib. Nizami ümumbəşəri sevgi və fəlsəfənin təkrarsız lirikasını, ən əsası isə - “Xəmsə” kimi şah əsərini yaratmaqla Şərq intibahının banisi oldu. Şairin sonrakı nəsillərə qoyduğu poetik mirası insanları yaxşılığa, mərhəmətə, dostluğa, millətləri sülhün, ədalətin və harmoniyanın ümumbəşəri səltənətinin qurulmasına çağırır”.

Nazir vurğulayıb ki, şairin yaratdığı poeziya ənənələri zaman və məkan sərhədlərini aşaraq, əsrlər boyu müxtəlif xalqların dahi şairləri tərəfindən uğurla davam etdirilib: “Mövlanə Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi, Əlişiri Nəvai, Məhəmməd Füzuli, Əbdurrəhman Cami və Şərqin daha neçə-neçə dahi şairləri Nizami yolunun layiqli davamçılarıdırlar. Ümumbəşəri əhəmiyyət kəsb edən Nizami mövzularının əks-sədasını Qərb ədəbiyyatının Dante, Bokaçço, Volter, Göte, Qozzi, Şekspir və digər mütəfəkkirlərinin yaradıcılığında da sezmək mümkündür. XIX əsrdən rus dilinə tərcümə olunmağa başlayan Nizaminin əsərlərinə V.Xlebnikov və Ptitsin kimi rus şairləri də nəzirələr yazıb. Başqa sözlə, Nizami şəxsiyyəti və irsi Azərbaycan mədəni mühitində dünyaya gəlsə də, bütün bəşəriyyətə məxsus universal bir dəyərdir”.

A.Kərimov qeyd edib ki, Nizami təkcə poeziya və fəlsəfə tarixində deyil, həm də ötən səkkiz əsrdən artıq bir müddətdə, mədəniyyətin bir çox sahələrində şah əsərlərin yaranması üçün ilham mənbəyi kimi çıxış edib. Onun əsərlərindəki motivlərə həsr olunmuş orta əsr miniatürləri və tətbiqi dekorativ sənət nümunələri bu gün dünyanın aparıcı muzeylərinin ən dəyərli eksponatları sırasında nümayiş etdirilir. Əsrlər ötüb keçsə də, Nizami irsi öz aktuallığını daim qoruyub saxlayır, dahi şairin insan cəmiyyətində xoşbəxtlik və tərəqqinin bərqərar olunması üçün XII əsrdə təqdim etdiyi sosial həllər müasir dövrdə də gələcəyi işıqlandırmağa davam edir. Onun insan cəmiyyətinə ensiklopedik yanaşması bugünkü dünyada da parlaq gələcək üçün çalışan müxtəlif din, dil, peşə sahibləri üçün ilham mənbəyi olmağa layiqdir.

“Məlumdur ki, BMT-nin 2030 Gündəliyi çərçivəsində qəbul olunmuş 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) bütün qlobal problemlərin həllini nəzərdə tutur. Mədəniyyət Nazirliyi olaraq biz bu istiqamətdə yeni yanaşmanı təklif edirik. Bu yanaşma DİM-lərə nail olunmasında cəmiyyətlərin rolunun gücləndirilməsini hədəfləyir. Buna uyğun olaraq dayanıqlı inkişaf naminə 17 məqsəddən hər biri Nizami Gəncəvi prizmasından nəzərdən keçirilib. Beləliklə, DİM-lərin əksəriyyətinin tarixən insanlıq problemi olduğu müəyyən edilib.

Təklif edilən bu yanaşma ölkələrin Dayanıqlı İnkişaf Məqsədləri, həmçinin öz mədəniyyətləri çərçivəsində qəbul etmələrini dəstəkləyərək problemlərin həllində mədəni irsin vacibliyini qeyd edir. Bununla əlaqədar olaraq, əslində, burada DİM və mədəniyyət kəsişməsinin önəmini xüsusilə göstərmək istəyirik. Biz istəyirik ki, BMT ölkələri DİM-lərin təmin edilməsi üçün özünün mədəniyyət siyasətini, məcazi mənada hamı öz “Nizami Gəncəvi”sini tapsın”, - deyə A.Kərimov Nizami Gəncəvi ilə əlaqədar Mədəniyyət Nazirliyinin bununla bağlı təşəbbüsünü tədbir iştirakçıları ilə bölüşüb.

Forumda çıxış edən Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy qeyd edib ki, “Nizami Gəncəvi kimdir?” sualının cavabı çox genişdir. O, yaradıcılığı ilə bir çoxlarına ədəbiyyatın qapısını açmaqla yanaşı, astronomiyanı, fəlsəfəni, coğrafiyanı, tibbi və riyaziyyatı, eyni zamanda, 7 dili mükəmməl bilən alimdir. Nizami Gəncəvi ürəyində və beynində mürəkkəb düşüncələri yoxlayıb, əldə etdiyi nəticəni, istər duyğu, istərsə də fikirləri mükəmməl şəkildə sözə çevirərək insanlıq üçün miras qoyub: “Türk dünyası böyük atasının əmanətlərinə qürurla sahib çıxmağa və nəsildən-nəslə ötürməyə davam edəcək. Biz, türk dünyasının mədəniyyət körpüsünü yaradan əcdadlarımıza idarəçisindən sənətkarına, aliminə qədər sahib çıxmağın məsuliyyətini daşıyırıq. Əks halda, bizi bir və bütöv edən bu bənzərsiz insanlar ya unudulacaq, ya da öz millətindən, soyumuzdan, tariximizdən, birliyimizdən qoparılıb yadlaşdırılacaq. Buna görə də bir olub minillik tariximizə birlikdə sahib çıxacağıq”.

Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov vurğulayıb ki, dünya tarixini türk şəxsiyyətləri olmadan təsəvvür etmək mümkün deyil. Onların arasında iki önəmli insanın adını xüsusi vurğulamaq lazımdır: Nizami Gəncəvi və Əlişir Nəvai. Bu günlərdə Özbəkistanda da Əlişir Nəvainin 580 illik yubileyi qeyd edilir. Həm Nizami Gəncəvi, həm də Əlişir Nəvai böyük mütəfəkkirlərdir. Bu şəxsiyyətlər düşüncə tarixinə önəmli əsərlər bəxş ediblər. Nəvai “Xəmsə”sini yazanda Nizamidən ilhamlanıb və əsərlərində onu müəllim kimi dəyərləndirib. Özbəkistanda Nizaminin “Xəmsə”si tərcümə edilib və araşdırılıb.

Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək Forumun keçirilməsini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, Rusiyada Nizami Gəncəviyə iki böyük şəhərdə - Moskvada və Sankt-Peterburqda heykəl qoyulub. Həmin heykəllər ucaldılanda heç də asan dövr deyildi. Lakin Nizami Gəncəvi bu şəhərlərdə adının əbədiləşdirilməsinə layiqdir. O, təkcə Azərbaycanın deyil, Şərqin dahi oğludur.

“Bu ilin "Nizami Gəncəvi İli" elan olunması əhəmiyyətli hadisədir. Hazırda bu il çərçivəsində Rusiyada Ermitaj Muzeyində Azərbaycan xalçasının nümayişi keçirilir. Nizami Gəncəvi İslam dünyasında maarifləndirmə işığını özündə təcəssüm etdirib. Bu işıq bu günə qədər bizim üzərimizdədir”, - deyə Mixail Şvıdkoy vurğulayıb.

Açılış mərasiminin sonunda Forumun 8 bənddən ibarət Birgə Kommünikesi qəbul edilib.

Sonra tədbir iştirakçıları xatirə fotoşəkili çəkdiriblər və “Nizaminin əsərlərinin motivləri miniatür sənətdə” mövzusunda sərgi ilə tanış olublar.

Forum işini noyabrın 26-dək panel müzakirələrlə davam etdirəcək.