logo

Bu gün UEFA Çempionlar Liqası qrup mərhələsinin V turu yekunlaşacaq

13:55 24-11-2021 | icon 2387
Bu gün UEFA Çempionlar Liqası qrup mərhələsinin V turu yekunlaşacaq

Noyabrın 24-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.

YeniAvropa xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma oynanılacaq.

C qrupunda mübarizə aparan “Beşiktaş” pley-offa vəsiqəni vaxtından əvvəl rəsmiləşdirən “Ayaks” komandasını qəbul edəcək. Dörd turdan sonra xalı olmayan “qara qartallar” UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlmək üçün mütləq qələbə qazanmaqla yanaşı, “Sportinq” və “Borussiya Dortmund” klubları arasında oynanılacaq görüşün nəticəsini gözləməlidir. Bu qarşılaşma heç-heçə və ya meydan sahiblərinin qələbəsi ilə başa çatacağı təqdirdə, İstanbul təmsilçisi avrokuboklarla vidalaşacaq. Dortmundlular qalib gələcəyi halda isə sona bir tur qalmış pley-offa vəsiqəni təmin edəcək.

Günün ən çox maraq doğuran görüşü A qrupunda “Mançester Siti” və “Paris Sen-Jermen” komandaları arasında baş tutacaq. “Şəhərlilər” qələbə qazanarlarsa pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcəklər. Heç-heçə isə hər iki komandanın növbəti mərhələyə yüksəlməsi üçün kifayət edə bilər. Bunun üçün isə digər matçda “Leyptsiq” klubu “Brügge”yə uduzmamalıdır.

B qrupunda pley-offa vəsiqəni rəsmiləşdirən “Liverpul” komandası doğma meydanda “Portu” ilə üz-üzə gələcək. Bu qrupun digər görüşündə “Milan” və “Atletiko Madrid” komandaları arasından baş tutacaq. Dieqo Simeonenin yetirmələri evdə uduzarsa və “Portu” çətin səfərdə “Liverpul”a qalib gələrsə, portuqaliyalılar bu qrupdan çıxan ikinci kollektiv olacaq.

Günün bütün görüşləri aşağıdakılardır:

A qrupu

“Brügge” (Belçika) – “Leyptsiq” (Almaniya);

“Mançester Siti” (İngiltərə) – “Paris Sen-Jermen” (Fransa).

Qrupdakı vəziyyət: “Mançester Siti” - 9, “Paris Sen-Jermen”, “Brügge” - 4, “Leyptsiq” - 1.

B qrupu

“Atletiko Madrid” (İspaniya) – “Milan” (İtaliya);

“Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya).

Qrupdakı vəziyyət: “Liverpul”- 12, “Portu” - 5, “Atletiko Madrid” - 4, “Milan” - 1.

C qrupu

“Beşiktaş” (Türkiyə) – “Ayaks” (Niderland);

“Sportinq” (Portuqaliya) – “Borussiya Dortmund” (Almaniya).

Qrupdakı vəziyyət: “Ayaks” - 12, “Borussiya Dortmund” - 6, “Sportinq” - 6, “Beşiktaş” - 0.

D qrupu

“İnter” (İtaliya) – “Şaxtyor Donetsk (Ukrayna);

“Şerif” (Moldova) – “Real Madrid” (İspaniya).

Qrupdakı vəziyyət: “Real Madrid” - 9, “İnter” - 7, “Şerif” - 6, “Şaxtyor” - 1.

“Beşiktaş” – “Ayaks” və “İnter” – “Şaxtyor” görüşləri saat 21:55-də, digər qarşılaşmalar isə 23:00-da baş tutacaq.