logo

KİVDF-yə Əli Həsənov rəhbərlik edirdi-Məhkəmədə qalmaqallı ifadə

22:12 23-11-2021 | icon 1659
KİVDF-yə Əli Həsənov rəhbərlik edirdi-Məhkəmədə qalmaqallı ifadə

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

YeniAvropa xəbər verir ki,  bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Sayad Vəliyeva ifadə verib.

O bildirib ki, "Starloqistik” şirkətində rəhbəri olub: "Atam 2018-ci ildə şirkəti təsis edib. Dəftərxana malları satırdıq. Şirkətin direktoru atamın sürücüsü Çingiz Həsənov idi. 2019-cu ildə atam Çingizi işdə çıxardı. Bu səbəbdən məni direktor tətin etdilər. Vüqar Səfərlini tanımıram, mən direktor olandan sonra hər hansı bir alqı-satqı olmayıb. Atam rəhmətə getdi, 2020-ci ildə şirkət fəaliyyətini dayandırdı. Atamın hansı şirkətlərlə çalışdığından xəbərim yoxdur”.

Daha sonra şahid qismində ifadə verən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda(KİVDF) aparıcı məsləhətçi çalışmış Samir Mustafayev bildirib ki, fondda rəsmi yazışmalara, hesabatlara, təbdirlərin təşkilinə və qurumun mətbuat xidməti funksiyalarını həyata keçirib: "Vüqar müəllim rəhbərimiz idi. 2014-cü ildə fondda çalışıram. İstintaqda verdiyim ifadələri təsdiq edirəm. İstintaqda mənə Hesablama Palatasının yoxlama ilə bağlı hazırlanan rəylə bağlı suallar verdilər. Mən də həmin suallara cavab vermişəm”.

Samir Mustafayev qeyd edib ki, fondun restoranlarda təşkil etdiyi tədbirlər üçün siyahıların hazırlanmasında onunla yanaşı Vüqar Səfərli də iştirak edib: "Siyahılarda adam 250 nəfərə qədər olurdu, restoranda 250 nəfərlik yer açılırdı. Lakin 450 nəfəri mən görməmişəm. Saymaq da mümkün deyildi. Deyə bilərəm ki, tədbirə dəvət olunan adamdan daha çox gəlirdi. Jurnalistlər var idi, siyahıda adı olmurdu, amma tədbirə gəlirdi. Heç kimi də geri qaytarmaq olmurdu. Fondun rəhbəri Vüqar Səfərli idi. Lakin bilavasitə rəhbərliyi Prezident Aparatının sabiq ictimai-siyasi şöbənin müdiri Əli Həsənov həyata keçirirdi”.

Növbəti proses noyabrın 25-də davam edəcək.

İttihama görə, aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma - külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə - ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medai İnkişaf Agentliyi zərərçəkmiş qismində tanınıb.