logo

İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıblar

16:03 23-11-2021 | icon 420
İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıblar

İşğaldan azad edilmiş ərazilərə mülki şəxslərin qanunsuz keçmələri onların həyat və sağlamlıqları üçün təhlükəlidir. Bu barədə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də bu qaydalara əməl etməyən şəxslərə rast gəlinir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin ərazilərə icazəsiz daxil olan şəxslər müəyyənləşdiriliblər. Rayon ərazisindəki nəzarət postlarından qanunsuz yollarla yayınaraq, insan həyatı üçün təhlükəli ərazidə olan bir yük və bir minik avtomobili müəyyənləşdirilərək dayandırılıb. Təhlükəsizlik qaydaları çərçivəsində həmin avtomobillər ərazidən çıxarılıb.

Həyatlarını təhlükəyə ataraq, minalardan tam təmizlənməmiş ərazidə müəyyənləşdirilən qayda və tələblərə etinasız yanaşan altı nəfər – “QAZel” markalı avtomobilin sürücüsü, Ağcabədi rayon sakini Raci Məmmədov, “VAZ-21011” markalı avtomobilin sürücüsü Mahir Məmmədov və sərnişinləri – Elməddin Novruzov, Mütəllim Mirzalıyev, İntiqam Vəliyev və Nazim Məmmədov saxlanılıblar.

Həmin şəxslər barəsində başlanan inzibati icraata uyğun olaraq toplanan materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə beş nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 25 sutka həbs cəzası verilib. N.Nəmmədov sağlamlıq vəziyyəti ilə əlaqədar 200 manat məbləğində cərimələnib.

DİN bir daha vətəndaşlara müraciət edərək, onları həyat və sağlamlıqlarını təhlükədə qoyaraq işğaldan azad edilmiş ərazilərə qanunsuz yollarla getməməyə, belə səfərlərdən çəkinməyə çağırır.