logo

QHT-lərə Dövlət Dəstəyi Agentliyinə yeni icraçı direktor  seçilib

15:35 23-11-2021 | icon 2100
QHT-lərə Dövlət Dəstəyi Agentliyinə yeni icraçı direktor  seçilib

Noyabrın 23-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən YeniAvropa-ya bildirilib ki, iclasda qurumun icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Aygün Əliyevanın namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək A.Əliyevanın namizədliyini yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, Aygün Əliyeva 1988-ci il iyulun 29-da Bakı şəhərində anadan olub. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsini, 2012-ci ildə müvafiq ixtisas üzrə magistratura pilləsini, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 2010-cu ildən başlayaraq Azərbaycan Dillər Universitetində prorektor köməkçisi, 2012-2013-cü illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi ofisində baş təlimatçı, 2013-2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, 2020-ci ildən bu günədək isə TƏBİB- İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləyib. 2007-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarının sosial, iqtisadi, təhsil sahələrində olan layihə və proqramlarının icrasına cəlb olunub.