logo

“Azərişıq” Kəlbəcərdəki hərbi hissələri elektrik enerjisi ilə təmin edib

15:10 23-11-2021 | icon 2086
“Azərişıq” Kəlbəcərdəki hərbi hissələri elektrik enerjisi ilə təmin edib

Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyyətli etmək üçün görülən işlər davam etdirilir.

“Azərişıq” ASC-dən YeniAvropa-ya bildirilib ki, son bir ay ərzində görülən işlər çərçivəsində hərbi hissələr elektrik enerjisi ilə təmin olunub. Qısa zamanda rayonun Vəng, Bağlıpəyə, Qamışlı, Çaykənd və Qılınclı kəndləri ərazisində ümumilikdə 8 ədəd Komplekt Transformator Məntəqələri quraşdırılaraq hərbi hissələrin və taborların elektrik enerjisi ilə təchizatı başa çatdırılıb.

Ümumilikdə elektrik enerjisi təminatı başa çatdırılan hərbi hissələr üçün 6,2 kilometr 10 kilovoltluq, 2500 metrdən çox 0,4 kilovoltluq kabel elektrik veriliş xətti, 1,5 kilometrdən artıq 10 kilovoltluq hava elektrik veriliş xətti çəkilib. Görülən işlərin davamı olaraq 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasından Vəng, Bağlıpəyə kəndləri istiqamətində 10 kilovoltluq hava elektrik veriliş xətti bərpa olunub. “Kəlbəcər” yarımstansiyası-Zülfüqarlı kəndi arası 18 kilometr 10 kilovoltluq hava elektrik veriliş xətti bərpa edilib. Həmçinin Yanşaq və Çopurlu kəndləri arasında 35 kilovoltluq hava xətinin bərpasına başlanılıb.

“Kəlbəcər” yarımstansiyası - “İstisu” qəsəbəsi arası 3 kilometr məsafədə hava xəttində yararsız vəziyyətdə olan naqillər yenisi ilə əvəz olunub, yeni dayaqlar quraşdırılıb. İstisu-Alagöllər arası 37 kilometr 35 kilovoltluq hava kabel xəttinin bərpası üçün dayaqların quraşdırılması işləri davam etdirilir.

Kəlbəcərdə, xüsusilə rayonun yüksəklik ərazilərində kəskin hava şəraitinin davam etməsi “Azərişıq” əməkdaşlarına ciddi çətinlik yaratsa da, bütün işlər vaxtında, plana uyğun yerinə yetirilir. Kəlbəcərin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerji ilə təchizatı üçün bütün tapşırıqlar uğurla icra olunur.