logo

Rusiyaya ixrac icazələri AQTA-nın zəmanəti ilə veriləcək

13:33 22-11-2021 | icon 2198
Rusiyaya ixrac icazələri AQTA-nın zəmanəti ilə veriləcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ilə aparılan danışıqlar nəticəsində Rusiyaya bitkiçilik məhsullarının ixracı ilə bağlı maneələr aradan qaldırılıb. İki qurum rəhbərinin Moskvada sonuncu görüşü zamanı “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert agentliyin bu sahədə həyata keçirdiyi nəzarət tədbirlərini yüksək qiymətləndirib, həmçinin Azərbaycanda qida sahəsində yaradılan laboratoriyaların peşəkarlıq səviyyəsinin qida təhlükəsizliyinin təmin olunmasındakı rolunu xüsusi vurğulayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə AQTA-nın sədri Qoşqar Təhməzli noyabrın 22-də keçirilən mətbuat konfransında məlumat verib.

Q.Təhməzli qeyd edib ki, əldə olunmuş razılığa əsasən, pomidor istehsalı təsərrüfatlarında ixrac icazəsinin alınması məqsədilə Rusiya tərəfindən aparılan videomonitorinqlər dayandırılır. Dekabrın 1-dən etibarən pomidor istehsalı müəssisələrinə “Rosselxoznadzor”un ixrac icazəsi birbaşa Qida Təhlükəsizliyi Agentliyinin zəmanət məktubuna əsasən veriləcək. Həmçinin aşağı riskli bitkiçilik məhsulları müəyyən edilərək, Rusiyaya ixrac zamanı fitosanitar nəzarəti baxımından yaşıl dəhlizə salınması təmin olunacaq.

Agentliyin sədrinin sözlərinə görə, əldə edilən razılığa görə, dekabrın 1-dən ixrac olunan bitkiçilik məhsullarının hər partiyasının virus və bakteriya mənşəli xəstəliklərə görə yoxlanılması dayandırılmaqla agentliyin mütəxəssisləri tərəfindən təsərrüfatlarda həyata keçirilən monitorinqlər və ilkin laborator ekspertiza nəticələri yetərli hesab ediləcək. Bu, sahibkarların əlavə vaxt və vəsait itkisinin qarşısını alacaq.

Diqqətə çatdırılıb ki, aparılmış danışıqlar nəticəsində dəmir yolu vasitəsilə pomidor və alma məhsullarının daşınmasının 2022-ci il aprel ayının 1-dək uzadılmasına baxmayaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən fitosanitar tədbirləri nəzərə alınaraq həmin müddət Azərbaycan tərəfindən təqdim edilən zamanadək artırılacaq. Bu, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bitki mənşəli məhsulların beynəlxalq standartlara cavab verən konteynerlər vasitəsilə daşınmasını təmin etməyə imkan verəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında sərhəddə müşahidə olunan sıxlığın aradan qaldırılması məqsədilə dekabrın 1-nə qədər qurumların sədr müavinləri səviyyəsində Azərbaycan-Rusiya dövlət sərhədinin “Yaraq-Kazmalar” keçid məntəqəsində görüşlər keçiriləcək.