logo

Kazan İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı elan edildi

18:19 20-11-2021 | icon 2569
Kazan İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı elan edildi

Tatarıstan Respublikasının paytaxtı Kazan şəhəri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Paytaxtı elan edilib.

YeniAvropa xəbər verir ki, bunu Tatarıstan prezidenti Rüstəm Minnixanov bəyan edib.

Tatarıstan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir: “Noyabrın 19-da İslam Əməkdaşlıq Təşkilatının Gənclər forumunun idarə heyətinin iclasında Kazan şəhərinə “İƏT-in Gənclər paytaxtı -2022” statusu verilməsi barədə qərar qəbul edilib. Müxtəlif illərdə İstanbul (Türkiyə), Şiraz (İran), Putracaya (Malayziya), Fes (Mərakeş), Doha (Qətər) və bir sıra başqa şəhərlər bu statusa layiq görülüb”.

R.Minnixanov qeyd edib ki, bu hadisə Volqa Bulqariyası tərəfindən İslam dininin qəbul edilməsinin gələn il qeyd olunacaq 1100 illiyi ərəfəsində rəmzi məna daşıyır.

Kazan şəhərinə İƏT-in Gənclər Paytaxtı statusu verilməsindən əvvəl böyük hazırlıq işi görülüb. Artıq uzun illərdir ki, Tatarıstan beynəlxalq miqyaslı iri gənclik tədbirlərinə ev sahibliyi edir.

Tatarıstan prezidenti vurğulayıb ki, 2022-ci ildə Kazanda bu statusla İƏT ölkələrinin gənclər məsələləri üzrə nazirlərinin iştirakı ilə qlobal gənclər sammiti, gənclərin beynəlxalq müsəlman mədəniyyəti festivalı, beynəlxalq cıdır yarışları və bir sıra digər beynəlxalq tədbirlər keçirilməsi planlaşdırılır.