logo

Dekabrın 15-də İlham Əliyev Nikol Paşinyanla görüşəcək

16:20 20-11-2021 | icon 3479
Dekabrın 15-də İlham Əliyev Nikol Paşinyanla görüşəcək

Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda, Avropa İttifaqı (Aİ) Şurasının prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Aİ Şurasının prezidenti tərəfindən bəyan edilmiş, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn Zirvə Görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi təklifi ilə bağlı suala cavabında deyib.

Onun sözlərinə görə, Aİ Şurasının prezidenti Şarl Mişelin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə noyabrın 19-da telefon danışıqları baş tutub. Aİ Şurasının prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə Görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib.

“Postmünaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyi dəfələrlə dövlətimizin başçısı tərəfindən, o cümlədən beynəlxalq platformalarda səsləndirilib. Bu xüsusda, Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab edirik”, - deyə Leyla Abdullayeva vurğulayıb.