logo

İcbari tibbi sığorta xidməti göstərən xəstəxanaların sayı 27-yə yüksəlib

18:55 19-11-2021 | icon 2702
İcbari tibbi sığorta xidməti göstərən xəstəxanaların sayı 27-yə yüksəlib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını artırmaq məqsədilə daha 8 tibb müəssisəsi ilə müqavilə bağlayıb.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən YeniAvropa-ya verilən məlumata görə, agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 19-dan 27-yə yüksəlib.

Qeyd edilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.

Müqaviləli tibb müəssisələrinə Bakı Sağlamlıq Mərkəzi, Mərkəzi Klinik Xəstəxana, Caspian International Hospital, Respublika Diaqnostika Mərkəzi, Gəncə Müalicə-Diaqnostika Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası, Mərkəzi Neftçilər Xəstəxanası, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi, EGE Hospital, Sumqayıt Hospital, Avrasiya Hospital, Xüsusi Müalicə Sağlamlıq Kompleksi, Leyla Medical Center, Badam Medical Center, Lor Hospital, Məlhəm Beynəlxalq Hospital, “OKİ” Özəl Tibbi Müalicəxanası, “Azəri Med” (Zəfəran Hospital), Oksigen Klinik Xəstəxanası, Diaqnoz Tibb Mərkəzi, “Ortoped” Məhdud Məsuliyyətli Cəmiyyət, Mediland Hospital, Medera Hospital, Stimul Hospital, Medistyle Hospital və Batıgöz Medical Plaza daxildir.

Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.