logo

Energetika sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib

18:08 19-11-2021 | icon 2240
Energetika sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı müzakirə edilib

Energetika Nazirliyində Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, Avropa Yenidənqurma və İnkişaf Bankının, Avropa İnvestisiya Bankının və Fransanın İnkişaf Agentliyinin təmsil olunduğu nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, energetika nazirinin müavini Samir Vəliyevin rəhbərliyi ilə keçirilən görüşdə ölkəmizdə bərpa olunan enerji, enerji səmərəliliyi sahələrində görülən işlər və islahatlar barəsində məlumat verilib. Azərbaycanda sosial-iqtisadi inkişaf strategiyasının əsasını təşkil edən milli prioritetlər haqqında danışılıb, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərində “yaşıl” və “ağıllı” konsepsiyaların tətbiqinə xüsusi diqqət yetirildiyi qeyd edilib. Bununla yanaşı işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində Avropa İttifaqının maliyyə institutlarının iştirakı məsələsinə toxunulub.

Görüşdə, həmçinin Avropa Komissiyasının “Bərpa, dayanıqlılıq və islahat: Şərq Tərəfdaşlığının 2020-ci ildən sonrakı prioritetləri” birgə sənədi, sənəd çərçivəsində flaqman təşəbbüslərə daxil edilməsi və yeni əməkdaşlıq istiqaməti kimi nəzərdən keçirilməsi məqsədilə ölkəmizdə bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində potensial layihələr barədə konkret təkliflər irəli sürülüb.