logo

Dələduzluq edən “Avrora”nın rəhbərliyinin məhkəməsi başlayır

16:29 19-11-2021 | icon 574
Dələduzluq edən “Avrora”nın rəhbərliyinin məhkəməsi başlayır

“Avrora” MMC-nin Quba rayon filialında yol verilmiş qanunsuzluqlarla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Quba rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış istintaqla Rəhman Fətəliyevin 2018-2019-cu illərdə həmin filialın satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş 26 min 900 manat məbləğində pulu xəzinəyə təhvil verməyərək mənimsədiyi müəyyənləşdirilib.

Həmçinin Tarlan Amrakhzade həmin filialın satış üzrə bölmə rəhbəri vəzifəsində işləyərkən 2019-cu ilin sentyabrında qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş ümumilikdə 6500 manat məbləğində pulu xəzinəyə təhvil verməyərək şəxsi ehtiyacları üçün xərcləyərək mənimsədiyi də müəyyən olunub.

Rəhman Fətəliyev və Tarlan Amrakhzade Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü ( şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İbtidai istintaq dövründə dəymiş ziyanın tam ödənilməsi təmin olunub.

Hazırda cinayət işi aidiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilib.