logo

Bakıda NATO-nun hərbi təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilib

18:18 18-11-2021 | icon 448
Bakıda NATO-nun hərbi təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilib

Azərbaycan Ordusunun hərbi təhsil sisteminin təlim-tədris sahələrinin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına müvafiq olaraq müdafiə təhsilinin genişləndirilməsi proqramı çərçivəsində (DEEP) NATO-nun ekspert qrupu ilə Bakıda işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Müdafiə Nazirliyi və Alyansın hərbi təhsil mütəxəssisləri arasında keçirilən görüşdə Azərbaycan Ordusunda 2021-ci il ərzində hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlər müzakirə edilib. Həmçinin növbəti il üçün tədbirlərin planlaşdırılması və icrası məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, yeni perspektivlər nəzərdən keçirilib, əməkdaşlıq planları təhlil edilib.

Sonra qonaqlar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olublar. Burada hərbi təhsil sisteminin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, hərbi təhsilin metodologiyasına dair bir sıra məsələlər müzakirə edilib, bu sahədə qazanılmış təcrübə üzrə qarşılıqlı brifinqlər təqdim olunub.