logo

"Əhalinin xeyli hissəsi pensiya ala bilməyəcək"-Deputatdan xəbərdarlıq

12:55 18-11-2021 | icon 441
"Əhalinin xeyli hissəsi pensiya ala bilməyəcək"-Deputatdan xəbərdarlıq

"Pensiyaların səviyyəsi əmək haqqının səviyyəsindən asılıdır. Amma əhalinin əksəriyyətinin maaşları yüksək olmadığından, aldıqları  pensiya minimum tələbatı ödəmək üçün yetərli səviyyədə deyil". 

 YeniAvropa xəbər verir ki, bunu  deputat Əli Məsimli deyib. Onun sözlərinə görə, maaşlar yüksək olmalıdır ki, pensiyanın da  məbləği yüksək olsun. 

"Rəsmi statistikaya görə, ölkə üzrə orta əmək haqqı 733 manat, Bakıda isə 1000 manatın altındadır. Bizdə ciddi problemlərdən biri budur ki, regionlarda yaşayanların çoxunun maaşları aşağıdır və bu pensiyaya təsir edir.  Məsələn, Şəki-Zaqatala zonasında orta əmək haqqı 350-400-450 manatdır. Şəki-Zaqatala kimi yüksək potensiala malik bir iqtisadi zonada əmək haqqının səviyyəsi aşağı olduğundan, əhalinin xeyli hissəsi pensiya yaşına çatanda pensiya ala bilməyəcək, ala bilənlər isə aşağı  pensiya alacaq. Bu, regionlarda həyat səviyyəsinin aşağı olması nöqteyi-nəzərdən çox ciddi problem yaradır. 

Milli Məclisdəki çıxışımda dediyim kimi, inkişaf etmiş ölkələrdə insanlar pensiyaya çıxandan sonra  onların həyatının çox romantik bir dövrü başlayır. Amma Azərbaycanda insanlar pensiyaya çıxanda onların xeyli hissəsinin məşəqqətli bir dövrü başlayır. Çünki onların aldıqları pensiya minimum qida və dərman almağa kifayət etmir. Ona görə də bu problemin həlli istiqamətində ciddi araşdırmaların aparılmasına və təsirli tədbirlər görülməsinə ehtiyac var"./"Unikal"