logo

"Ultra-LTD" MMC-nin rəhbərliyinə cinayət işi açıldı

12:21 18-11-2021 | icon 1316
"Ultra-LTD" MMC-nin rəhbərliyinə cinayət işi açıldı

“Ultra-LTD” MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində pul vəsaitinin müvəkkil bankdakı hesaba köçürülməməsi ilə bağlı daxil olmuş materialla əlaqədar Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılıb.

Lənkəran rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, araşdırmalarla həmin MMC-nin rəhbərliyi tərəfindən 2017-ci il mayın 8-dən dekabrın 20-dək olan müddətdə xarici ölkələrdə qeydiyyatda olan müxtəlif MMC-lərlə bağlanılmış alqı-satqı müqavilələri əsasında 13 gömrük bəyannaməsi əsasında həmin ölkələrə saflaşdırılmış qurğuşun məhsulları konsiqnasiya yolu ilə ixrac edilməklə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə olunan və ölkəmizin müvəkkil edilmiş bankların hesablarına məcburi qaydada köçürülməli olan ümumilikdə 635 min ABŞ dolları məbləğində külli miqdarda xarici valyuta vəsaitinin xaricdən qaytarılmadığı müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci (təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan külli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.