logo

Sərhəddəki gərginlik Ermənistanın növbəti hərbi-siyasi təxribatıdır-XİN

18:16 16-11-2021 | icon 371
Sərhəddəki gərginlik Ermənistanın növbəti hərbi-siyasi təxribatıdır-XİN

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi son günlər Ermənistanın sərhəddə törətdiyi təxribatlar barədə məlumat yayıb.

YeniAvropa həmin məlumatı təqdim edir: “Son günlərdə Ermənistan tərəfindən məqsədyönlü təxribatların törədildiyi müşahidə edilir. Bu, Ermənistan rəhbərliyinin növbəti hərbi avantürasıdır.

Belə ki, Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanın müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazisinə qanunsuz səfəri və burada hərbi təyinatlı müşavirələr keçirməsi, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, habelə Ermənistan silahlı qüvvələrinin Silahlı Qüvvələrimizin Kəlbəcər və Laçın rayonundakı mövqelərini intensiv atəşə tutması onu göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir.

Bütün bunlar onu göstərir ki, Ermənistan regionda sülh və təhlükəsizliyin təmin olunmasında, eləcə də Azərbaycan ilə sərhədlərin delimitasiyasında maraqlı deyil. Vurğulayırıq ki, bölgədə yaşanan gərginlik Ermənistanın növbəti hərbi-siyasi təxribatıdır. Mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.