logo

“Taliban” Ankaraya danışıqlara gəldi

11:44 14-10-2021 | icon 2968
“Taliban” Ankaraya danışıqlara gəldi

Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya yola düşüb.

YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül Qahhar Balxi məlumat verib. Onun sözlərinə görə, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi dəvəti ilə həyata keçirilir. “Taliban” hərəkatının nümayəndə heyəti Ankarada Türkiyənin yüksək vəzifəli nümayəndələri ilə qarşılıqlı maraq doğuran məsələlər barədə danışıqlar aparacaq.

“Danışıqlarda münasibətlərin yaxşılaşdırılmasına, həmçinin ticarət, humanitar yardım, miqrasiya və hava nəqliyyatı sahələrində əməkdaşlığa dair bir sıra məsələlər müzakirə ediləcək”, - deyə Əbdül Qahhar Balxi özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, “Taliban” hərəkatı avqust ayında ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması fonunda demək olar ki, ölkənin bütün ərazisini nəzarətə götürüb. Avqustun 15-də paytaxt Kabilə döyüşsüz daxil olan taliblər sentyabrın 7-də ölkənin müvəqqəti hökumətini formalaşdırıb. Buna baxmayaraq, “Taliban” hökuməti dünyanın heç bir ölkəsi tərəfindən rəsmi olaraq tanınmayıb.