logo

Prokuror Rövşən Əkbərova 11 il, mərhumun atası isə ömürlük həbs istədi

15:15 13-10-2021 | icon 1855
Prokuror Rövşən Əkbərova 11 il, mərhumun atası isə ömürlük həbs istədi

20 il əvvəl Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. 

 YeniAvropa xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək R.Əkbərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhumun atası F.Əliyev isə oğlunu qətlində təqsirləndirilən generala ömürlük cəza istəyib: “Oğlunu itirən bir ata kimi deyirəm, əgər haqq varsa, ömürlük cəzaya məhkum edilsin. Elə cəza verin ki, 20 ildir Elçinin yasını tutan, gözünün yaşı qurumayan anasına bir az təsəlli olsun”.

Məhkəmə prosesi oktyabrın 22-də səhər saat 10:00-da davam edəcək.

İttihama görə, R.Əkbərov 20 il öncə Ukraynada mübahisə zəminində 29 yaşlı azərbaycanlı Elçin Əliyevi qətlə yetirməkdə təqsirləndirilir. Hadisə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə saat 04 radələrində Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesinin yaxınlığında baş verib.

Ordu korpusunun komandanı olmuş  56 yaşlı R.Əkbərov 2002-ci ildən general-leytenantdır. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb. 1995-cü ilin oktyabrında prezidentin sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.