logo

“Bakcell” Qarabağ Dirçəliş Fondunun “Qızıl İanə” sertifikatı ilə təltif edilib

13:12 12-10-2021 | icon 700
“Bakcell” Qarabağ Dirçəliş Fondunun “Qızıl İanə” sertifikatı ilə təltif edilib

“Bakcell” şirkəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, regionun dayanıqlı iqtisadi inkişafı və rifahına, eyni zamanda, ekoloji tarazlığının bərpa olunması istiqamətində aparılan işlərə dəstək verdiyi üçün Qarabağ Dirçəliş Fondu tərəfindən “Qızıl İanə” sertifikatı ilə təltif olunub.

YeniAvropa xəbər verir ki, “Qızıl İanə” sertifikatı Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən “Bakcell”in baş icraçı direktoru Rainer Rathgeberə təqdim edilib.

Qeyd edək ki, “Bakcell” Qarabağ Dirçəliş Fonduna 1,4 milyon manat məbləğində vəsait köçürüb. “Bakcell” şirkətinin də daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon AZN olub.

Prezident İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə yaradılmış Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

“Bakcell”, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə mobil rabitə şəbəkəsinin qurulmasını həyata keçirməklə Qarabağda bərpa işlərinə öz töhfəsini verir. Şirkətin baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənddə quraşdırılıb. “Bakcell” Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlər aparır.

“Bakcell” özünün Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində müxtəlif sosial layihə və təşəbbüslərinin həyata keçirilməsini davam etdirəcək.