logo

Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edib

19:31 11-10-2021 | icon 1575
Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edib

Milli Məclisin deputatı, NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətimizin üzvü Kamran Bayramov qurumun oktyabrın 8-dən 11-dək Portuqaliyanın Lissabon şəhərində keçirilən 67-ci illik sessiyasında iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, deputatımız Assambleyanın müxtəlif komitələrinin iclaslarına qatılaraq “NATO-nun dezinformasiya və təbliğata qarşı demokratik dayanıqlılığının gücləndirilməsi”, “Silahlanma üzərində beynəlxalq nəzarət: qarşıda duran çağırışlar”, “NATO-nun Asiya tərəfdaşları ilə elm və texnologiya sahəsində əməkdaşlığın dərinləşməsi” və digər mövzulara dair məruzə layihələrinin müzakirəsində, NATO-nun 2030-cu ilə qədər gündəliyi və strateji planları, müdafiə xərcləri və innovasiyalar, NATO-nun Əfqanıstandakı ötən dövrdəki fəaliyyəti, Orta Şərq və Şimali Afrika regionlarında cərəyan edən hadisələr, iqlim dəyişikliyi mövzularında baş tutmuş dinləmələrdə iştirak edib.

Kamran Bayramov Assambleyanın Siyasi Komitəsində müzakirələrdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələyə münasibət bildirərək bununla bağlı ölkəmizin mövqeyini komitə üzvlərinin diqqətinə çatdırıb. Deputatımız 44 günlük Vətən müharibəsindən sonra regionumuzda yeni reallıqların yarandığını bildirib, sənəddə Ermənistan və Azərbaycan arasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında mehriban qonşuluq münasibətlərinin qurulması çağırışının əks olunmasını təklif edib.

İllik sessiya çərçivəsində Kamran Bayramov, həmçinin Türkiyənin, ABŞ-ın, Gürcüstanın, Latviyanın, Macarıstanın və Serbiyanın NATO PA-dakı nümayəndə heyətlərinin rəhbərləri və üzvləri ilə görüşüb, qarşılıqlı maraq kəsb edən məsələlər üzrə müzakirələr aparıb.