logo

Saakaşvili beynəlxalq ictimaiyyətə müraciət edib

10:30 09-10-2021 | icon 1827
Saakaşvili beynəlxalq ictimaiyyətə müraciət edib

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili beynəlxalq ictimaiyyətə müraciət edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, o, məhkəməsiz həbsə salındığını bildirib.

Mixeil Saakaşvili qeyd edib ki, artıq 9-cu gündür həbsxanadadır və işi ilə bağlı heç bir məhkəmə dinləməsi keçirilməyib: “Həbs dünyada heç kəsin qəbul etmədiyi iki məhkəmə qərarı əsasında həyata keçirilib. Gürcüstan qanunvericiliyinə əsasən, saxlanılan istənilən şəxs təxirə salınmadan məhkəmə qarşısına çıxarılmalıdır. İşim üzrə hakim vəkilimə bu gün deyib ki, yaxın həftələrdə dinləmələrin olacağı gözlənilmir”.

Sabiq dövlət başçısının sözlərinə görə, bu, Gürcüstanda planlaşdırılmış yerli seçkilərin ikinci turunda onun ictimaiyyət qarşısına çıxmasının qarşısını almaq cəhdidir. O vurğulayıb ki, demək olar hər bir iri şəhərdə partiyası İvanişvilinin partiyası ilə eyni səs əldə edib.

M.Saakaşvili beynəlxalq ictimaiyyəti məhkəməsiz həbsə atılması məsələsinə göz yummamağa çağırıb.

Qeyd edək ki, keçmiş prezident oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.