logo

Azərbaycan NATO PA-nın sessiyasında təmsil olunacaq

18:17 07-10-2021 | icon 1750
Azərbaycan NATO PA-nın sessiyasında təmsil olunacaq

Oktyabrın 8-dən 11-dək Portuqaliyanın Lissabon şəhərində NATO Parlament Assambleyasının(PA) 67-ci illik sessiyası keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, tədbirdə Milli Məclisin deputatı, ölkəmizin NATO PA-da nümayəndə heyətinin üzvü Kamran Bayramov iştirak edəcək.

Toplantıda “NATO-nun dezinformasiya və təbliğata qarşı demokratik dayanıqlılığının gücləndirilməsi", "Mülki hazırlıq vasitəsilə üzv olan dövlətlərdə cəmiyyətlərin dayanıqlılığının genişləndirilməsi", "Silahlanma üzərində beynəlxalq nəzarət: qarşıda duran çağırışlar", "NATO-nun Asiya tərəfdaşları ilə elm və texnologiya sahəsində əməkdaşlığın dərinləşməsi" və digər mövzularda məruzələr dinləniləcək.

Tədbir iştirakçıları NATO-nun 2030-cu ilə qədər gündəliyi və strateji planları, müdafiə xərcləri və innovasiyalar, qurumun ötən dövrdə Əfqanıstandakı fəaliyyəti, Orta Şərq və Şimali Afrika regionlarında cərəyan edən hadisələr, iqlim dəyişikliyi ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Milli Məclisin deputatı müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcək, Azərbaycan tərəfinin mövqeyini səsləndirəcək.