logo

Siyasi partiya rəhbərlərinin növbəti görüşü Şuşada təşkil olunub

17:57 07-10-2021 | icon 1638
Siyasi partiya rəhbərlərinin növbəti görüşü Şuşada təşkil olunub

Oktyabrın 7-də Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin, habelə tanınmış politoloq və siyasi şərhçilərin Şuşa şəhərinə səfəri təşkil edilib.

YeniAvropa xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə baş tutmuş Şuşa səfərində ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiyanın 55 nümayəndəsi ilə yanaşı, tanınmış politoloq və siyasi şərhçilər də təmsil olunub.

Şuşa səfəri məşhur Cıdır düzünün ziyarəti ilə başlayıb. Sonra iştirakçılar Vaqif türbəsini, Saatlı, Yuxarı və Aşağı Gövhərağa məscidlərini, Şuşa qalasını, Xan qızı Natəvanın evini, şəhərin mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Bülbülün ev-muzeyini, həmçinin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalandığı ərazini ziyarət ediblər. Səfər iştirakçıları Şuşada aparılan təmir-bərpa işləri ilə də yaxından tanış olublar.

Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Fərqli səpkili təşəbbüs və layihələr vasitəsilə Azərbaycan iqtidarı dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Siyasi proseslərdə iştirak edən tərəflər arasında işgüzar mühitin və sağlam münasibətlərin qorunması məqsədilə atılan addımlar siyasi partiya rəhbərləri tərəfindən fəal şəkildə dəstəklənir. Belə ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti siyasi dialoq proseslərinin fəal iştirakçılarıdır. Görülən işlərin məntiqi nəticəsidir ki, iqtidar-müxalifət dialoqu artıq ölkəmizin gündəlik siyasi təcrübəsinə daxil olub və davamlı şəkildə inkişaf edir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşan siyasi dialoq çərçivəsində təşkil olunan bu cür səfərlər siyasətçilər arasında sağlam əməkdaşlıq münasibətlərinin formalaşması, eləcə də dayanaqlı dialoq ənənələrin dərinləşməsinə xidmət edir.

Xatırladaq ki, partiya rəhbərlərinin ilk belə birgə səfəri bu il martın 17-də Ağdam şəhərinə təşkil olunub.