logo

İsrail ordusunun baş qərargah rəisi İrana sərt mesaj göndərdi

09:32 07-10-2021 | icon 1141
İsrail ordusunun baş qərargah rəisi İrana sərt mesaj göndərdi

İsrail müdafiə ordusu harada yerləşməsindən asılı olmayaraq İran qüvvələrinə qarşı fəaliyyətini davam etdirəcək. 

YeniAvropa xəbər verir ki, İsrail Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Aviv Kohavi belə bəyanatla çıxış edib.

“Channel 7” telekanalının məlumatına əsasən Aviv Kohavi bu haqda İsrailin hərbi kəşfiyyat idarəsinin rəhbəri ilə söhbətində danışıb. Onun sözlərinə görə, dünyada elə ordu yoxdur ki, İsrail ordusunun malik olduğu kəşfiyyat imkanlarına malik olsun. Elə döyüş vahidi yoxdur ki, bu cür zəngin intellektə sahib olsun, elə müdafiə qüvvələri yoxdur ki, İsrail Müdafiə Ordusu kimi imkanları olsun.

“Keyfiyyətli kəşfiyyatın sayəsində İsrail ordusu İranda baş verənlər haqda çox şey bilir və müvafiq kəşfiyyatın, kəşfiyyat cameəsinin sayəsində bütün Yaxın Şərqdə İran istebleşmentinə qarşı işləyir”, - deyə Aviv Kohavi bildirib.

Baş qərargah rəisinin sözlərinə görə, İranın imkanlarının məhv edilməsinə yönəlmiş əməliyyatlar istənilən arenada və istənilən vaxt davam edəcək, İranın nüvə proqramlarına qarşı operativ planlar isə inkişaf etdiriləcək, daha da yaxşılaşdırılacaq.

“Bizim borcumuz effektiv və vaxtında operativ reaksiyadır”, - o deyib.

Hərbi kəşfiyyatın rəisi, general-mayor Tamir Heyman isə öz növbəsində bildirib ki, Yaxın Şərqdəki mürəkkəb reallıq hərbi kəşfiyyat üçün çağırış olaraq qalır. “İran problemi ciddi narahatlıq doğurur. Biz İran təhdidinin öhdəsindən gəlmək üçün prosesləri sürətləndirməliyik. Ötən ay baş nazir Naftali Bennet bəyan etdi ki, İranın nüvə proqramında dönüş anı yaranıb. Bizim səbrimizdə də dönüş anı gəlib çatıb. Söz nüvə sentrifuqalarının fırlanmasını dayandırmır”, - Heyman bildirib.