logo

Məhkəmədə şahid XİN-dəki oğurluq puldan ona cəmi 2% çatdığını dedi

22:15 06-10-2021 | icon 1603
Məhkəmədə şahid XİN-dəki oğurluq puldan ona cəmi 2% çatdığını dedi

Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə, nazirliyin İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

YeniAvropa xəbər verir ki, prosesdə şahidlər dindirilib. Şahid qismində dindirilən Cavanşir Məmmədov ifadəsində istintaq zamanı DTX-ə çağırıldığını, dindirildiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib: "Şirkətlərlə əməliyyatı yaradılan gündən özüm etmişəm. Məndən başqa heç kimin imzası olmayıb. Səhv etdiyimi bilirəm. O puldan mənə iki faiz çatıb. Ümumilikdə isə yeddi min manat çatıb".

Tərəflərin suallarını cavablandıran şahid dəftərxana işi ilə məşğul olduğunu açıqlayıb:" Məni Asəflə bankda işləyən Rövşən Məmmədov tanış etmişdi". Səlim Əlizadə məhkəməyə bildirib ki, qonaqların qəbul olunması və hədiyyələrin alınması şöbəsinə nazirliyin əməkdaşı Həsənov Asif müəllim (rəhmətə gedib - red.) baxıb.

Daha sonra şahid Azər Əliyev ifadə verib. O, müqavilə əsasında nazirliklərlə işlədiyini, çap işləri ilə məşğul olduğunu deyib: "Mən "A dizayn" və "M dizayn" şirkətlərinə rəhbərlik etmişəm. 2015-ci ildə "A dizayn" təsis edilib. Xarici İşlər Nazirliyi ilə müqavilə əsasında işləmişik və bir neçə tenderlərdə qalib olmuşuq".

Şahid 2011-2014-cü illərdə keçirilən tenderlərdən əldə olunan məbləği çap məhsullarına verdiyini açıqlayıb: "Ümumilikdə 456 min manatlıq tenderlərin qalibi olmuşuq. Bundan əlavə, 2015-2017-ci illərdə keçirilən 512 manatlıq tenderin qalibi olmuşuq. Pulun hamısını çap məhsullarına vermişik.  Səlim Əlizadə və Fərhad Mollazadəni elə nazirlikdən tanımışam".

Tərəflərin suallarını cavablandıran şahid  tenderdə qalib olduğuna görə S.Əlizadəyə 61 min manat verməsini açıqlayıb: "Müqaviləni nazirliyin işlər idarəsi müdiri ilə bağlamışdım".

Digər şahid Aleksandr Qriqoriyev ifadəsində  Xarici İşlər Nazirliyi ilə 5 il əməkdaşlıq etdiyini deyib: "Mən kartriclərin təmiri və doldurulması ilə məşğul olmuşam. Pulu nağd almışam. Müqavilə bağlamamışam. Pulu mənə Səlim Əlizadə verirdi".

Şahid qismində dindirilən Nicat Ələkbərov ifadəsində deyib ki, özünün xəbəri olmadan onun adına 5 şirkət təsis edilib və pul əməliyyatları həyata keçirilib: "Taksi sürücüsüyəm, həm də su filtrlərinin satışı ilə məşğul oluram. Təqsirləndirilənləri tanımıram. Bir dəfə istintaqa çağırılmışam. Adıma şirkət açıldığını bilməmişəm. Mənim xəbərim olmayıb. Rövşən adlı şəxs həmin şirkətin adından pul çıxarıb".

Məhkəmə prosesi oktyabrın 13-də davam edəcək. 

İttihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olaraq, müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. Mənimsənilən vəsaitlər tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham irəli sürülüb. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Bir müddət sonra isə məhkəmə onları ev dustaqlığına buraxıb.