logo

Gələn həftədən "1 manatlıq taksi"lərə qarşı ciddi tədbirlər görüləcək

14:30 06-10-2021 | icon 420
Gələn həftədən "1 manatlıq taksi"lərə qarşı ciddi tədbirlər görüləcək

Gələn həftədən etibarən qeyri-qanuni sərnişindaşımalarına qarşı ciddi tədbirlər görüləcək.

YeniAvropa xəbər verir ki, bu barədə  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, qeyri-qanuni daşımalar çox ciddi problem yaradır. Həmin avtobusların sürücüləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafında kompakt şəkildə yığılıb oradan sərnişin daşıyırlar. Şamaxinka adlanan ərazidən, 3-cü mikrorayon dairəsindən, Lökbatan dairəsindən mikroavtobuslarla müxtəlif istiqamətlərə, regionlara sərnişin daşınmaları həyata keçirilir.

“Burada ən böyük problemlərdən biri qiymət artımıdır. Tarif Şurasının müəyyən etdiyi standart qiymətlər var. Bu qiymətlər “avtovağzal.az” saytında da qeyd olunur. Bu qiymətlər sərnişinlərə kassalarda rəsmi qaydada təqdim olunur. Ancaq qeyri-qanuni daşımalar həyata keçirənlər 2-3 dəfə baha qiymətə aparırlar və sərnişinlərdə belə təsəvvür formalaşır ki, bu qiymət qanuni daşımalara da aiddir. Süni qiymət artımı ciddi iqtisadi problemlərə gətirib çıxarır. Çünki büdcə daxilolmaları və avtovağzallardan gələn sərnişin axını azalır. Çünki qeyri-qanuni daşımalar üçün ödənilən məbləğlər büdcəyə daxil olmur, işbazların cibinə gedir. Qeyri-qanuni daşımalar vergidən yayınmaq, qanuni sahibkarın haqqına girmək deməkdir”, - deyə N.Allahyarova vurğulayıb.