logo

Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Dövlət katibi ilə görüşüb

11:55 06-10-2021 | icon 1729
Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Dövlət katibi ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana səfəri çərçivəsində ölkənin Dövlət katibi Krımbek Kuşerbayevlə görüşüb.

YeniAvropa xəbər verir ki, şeyxülislam A. Paşazadəni Qazaxıstanın birinci prezidenti - elbası Nursultan Nazarbayevin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin adından salamlayan Dövlət katibi Azərbaycanın, Qafqazın dini liderinin Dünya və ənənəvi din liderlərinin Qurultaylarında iştirakını yüksək dəyərləndirib.

Qurultay Katibliyinin XIX sessiyasında iştirak üçün Qazaxıstan Senatının sədri Maulen Aşımbayevin dəvəti ilə paytaxt Nur-Sultana səfər etmiş şeyxülislam A. Paşazadənin dinlərarası dialoq işində böyük xidmətlərini vurğulayan Dövlət katibi din xadimlərinin dünyada sülh və təhlükəsizliyin qorunub saxlanılmasında böyük rol oynadıqlarını bildirib.

Allahşükür Paşazadənin Qazaxıstana səfərinin və keçirəcəyi görüşlərin məhsuldar və əhəmiyyətli olacağından əminliyini ifadə edən Krımbek Kuşerbayev Azərbaycan tərəfindən təşkil olunan dini liderlərin iki uğurlu ümumdünya sammitində şeyxülislamın təşəbbüs və səylərini yüksək qiymətləndirib.

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfər münasibətilə dövlətimizin başçısını, şeyxülislamı və Azərbaycan xalqını təbrik edən K.Kuşerbayev ümummilli lider Heydər Əliyevlə Qazaxıstanın birinci prezidenti - elbası Nursultan Nazarbayevin qardaşlıq münasibətlərinin müstəqillik qazanmış ölkələrimizdə milli birliyin bərqərar olmasında böyük rol oynadıqlarını fəxrlə vurğulayıb.

QMİ sədri hələ sovetlər birliyi dönəmindən tanıdığı, yüksək siyasi təfəkkürə malik müdrik dövlət xadimi Nursultan Nazarbayevin 18 illik tarixə malik Dünya və ənənəvi dinlərin liderlərinin Qurultayı kimi dəyərli təşəbbüsünü hər zaman dəstəklədiyini, bütün qurultaylarda mütəmadi iştirak etdiyini və qurultay Katibliyinin üzvü olduğunu qeyd edib. Qafqazın və Azərbaycanın dini mərkəzinin belə dəyərli dinlərarası platformanı bundan sonra da dəstəkləyəcəyini bildirən şeyxülislam A.Paşazadə bu istiqamətdə səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.

QMİ sədri ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövlətinin erməni vandalizminin qurbanı olmuş dini-mənəvi irsini, məscid və məbədləri bərpa etməsi barədə Dövlət katibinə məlumat verib.

Krımbek Kuşerbayev Azərbaycanın tarixi ədaləti bərpa etmək uğrunda mübarizəsində canlarını qurban vermiş qəhrəman şəhidlərin xatirəsini ehtiramla yad edib.

Zəngin mədəni və mənəvi irsi ilə öyünməyə haqqı olan Qazaxıstan dövlətinin Xoca Əhməd Yəsəvinin məqbərəsinin və Qorqud Ata kompleksinin yerləşdiyi, gündən-günə gözəlləşən, nəfis şəkildə abadlaşdırılan Türküstan şəhərinə şeyxülislam Allahşükür Paşazadəni dəvət edən Dövlət katibi TÜRKSOY-un xətti ilə həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan tədbir və layihələrdən ətraflı bəhs edib. QMİ sədri öz növbəsində TÜRKSOY-la müştərək görülə biləcək dəyərli işlər barədə fikirlərini bölüşüb və xeyir-dualarını ifadə edib.