logo

Polis AXCP üzvlərinin etiraz aksiyasının qarşısını alıb

22:52 05-10-2021 | icon 1526
Polis AXCP üzvlərinin etiraz aksiyasının qarşısını alıb

Oktyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup fəalı və hüquq müdafiəçiləri Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

YeniAvropa xəbər verir ki, onlar həbsdə olan partiya üzvü Niyaməddin Əhmədova azadlıq tələb ediblər.

Aksiya iştirakçıları Niyaməddin Əhmədovun və digər həbs edilmiş fəal Zamin Salayevin şəkillərini qaldırıblar və “Siyasi məhbuslara azadlıq!”, “İstefa” şuarları səsləndiriblər.

Aksiyaçılar yerli mətbuatı və hüquq müdafiəçilərini həbsdə olan AXCP üzvləri Niyaməddin Əhmədov, Aqil Hümbətov, Paşa Ümüdov, Aqil Məhərrəmlinin taleyinə biganə qalmamağa çağırıblar.

Onlar Niyaməddin Əhmədovun 13 gündür bu penitensiar müəssisədə aclıq etməsi ilə əlaqədar toplaşdıqlarını qeyd ediblər.

Polis əməkdaşları koronavirus pandemiyası ilə əlaqədar 5 nəfərdən artıq toplaşmağa icazə verilmədiyi üçün etirazçılardan ərazini tərk etməyi tələb ediblər.

Bundan sonra bir neçə aksiya iştirakçısı polis maşınlarına mindirilib və naməlum istiqamətə aparılıb. Onlar arasında jurnalistlər Zərifə Novruzova, Fatimə Mövlamlı və Aysel Ümüdova, həmçinin hüquq müdafiəçiləri Zəfər Əhmədov və Rüfət Səfərov da var.

DİN-in mətbuat xidmətinin ictimaiyyətlə və KİV-lə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev Turan-a bildirib ki, saxlanılan yoxdur, aksiyada iştirak edənlərin ərazidən uzaqlaşdırılması təmin edilib.

Lakin Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildirilib ki, saxlanılanlar Xəzər rayonun 3-cü polis bölməsinə aparılıb.