logo

"İran Azərbaycan sərhədlərində dünyada ironiya və gülüş doğuran hərbi təlimlər keçirir"

18:54 05-10-2021 | icon 1610
"İran Azərbaycan sərhədlərində dünyada ironiya və gülüş doğuran hərbi təlimlər keçirir"

“Bir neçə gündür ki, İran Azərbaycan sərhədlərinə yaxın ərazilərdə beynəlxalq səviyyədə ironiya və gülüş doğuran hərbi təlimlər keçirir. Müasir silah və texnika ilə heç cür müqayisə olunmayan hərbi texnikası ilə bizə “güc nümayiş etdirən” İranın bu hərəkətləri əndazəyə sığmır”.

 YeniAvropa xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı səsləndirib.

O bildirib ki, İranın müstəqillikdən üzü bəri pərdə arxasından bizə yönələn dözümsüzlüyü bu təlimlərdə özünü açıq şəkildə ifadə etməkdədir: “Sual edilir ki, İran son 30 ildə niyə təlimlər keçirmirdi, bu təlimlərin məqsədi nədir və kimə qarşıdır? Müsəlman həmrəyliyindən danışan İran Azərbaycan torpaqlarını zəbt edib viran qoyan, məscidləri təhqir edən Ermənistana niyə barmaq silkələmirdi, təlimlər keçirmirdi? Demək ki, bunun arxasında məkrli bir məqsəd dayanır. İşğal dövründə də İran Ermənistana hərtərəfli yardım göstərib və erməni vandallarının islam dəyərlərini təhqirinə göz yumub. İran bu kimi hallara biganə yanaşmaqla təkcə islami dəyərlərə biganə qalmayıb, həm də xəyanət edib. İranın erməni faşistlərinin məscidlərimizi yerlə-yeksan, təhqir etməsinə göz yumması onun bütün simasını və riyakarlığını ortaya qoyur. Həmin məscidlər farsların və ermənilərin birgə iştirakı ilə dağıdılaraq İrana daşınıb. İşğal zamanı yerüstü sərvətlərimiz də eyni şəkildə İrana daşınıb. Budur onların siması və mahiyyəti”.

Deputatın sözlərinə görə, dəqiq faktlar və arqumentlər sübut edir ki, İran nəinki işğal dövründə, hətta 44 günlük müharibə zamanı və ondan sonra da Ermənistanın, Qarabağdakı separatçıların tör-töküntülərinin yanında olub və onlara silah-sursat, ərzaq, yanacaq göndərməyə davam edib: “Onlar son günlərə qədər Azərbaycanın ciddi etirazının olmasına baxmayaraq, buna cəhd etsə də, nəhayət, atılmış olan qəti addımlarla separatçı rejimin silah-sursat, ərzaq, yanacaqla təmin olunmasının qarşısı alınıb. Azərbaycanın bununla bağlı rəsmi mövqeyini ortaya qoymasına, diplomatik kanallarla İranın rəsmi qurumlarına xəbardarlıq etməsinə və səfirinin Xarici İşlər Nazirliyinə çağrılaraq ona etiraz notasının verilməsinə baxmayaraq, İran yenə də öz əməllərindən əl çəkmədiyindən, Azərbaycan daha konkret addımlar atmaq məcburiyyətində qaldı".
F.Ağamalı deyib ki, Gorus-Qafan yolunda qəhrəmanlarımız olan polis və sərhədçilərimizin iştirakı ilə post qurulub: "Bu postun qurulması isə İranı xeyli qəzəbləndirib. Bunun müqabilində isə Azərbaycanla sərhəd ərazilərdə bütün qoşun növünü yerləşdirərək hərbi təlimlərə start verib. Hər zaman İranın hakim dairələri Azərbaycana qarşı qeyri-səmimi, riyakar, ikiüzlü siyasət həyata keçirib. Bir tərəfdən, guya bizim ərazi bütövlüyümüzü tanıdığını dilucu etiraf edir, digər tərəfdən isə Ermənistanı gücləndirməyə çalışır, Qarabağda, tarixi ərazilərimizdə erməni separatçılarının tör-töküntülərinə hərtərəfli yardım göstərməkdən belə çəkinməyib. Bu isə mehriban qonşuluq münasibətlərinə, islami dəyərlərə, beynəlxalq hüquq normalarına heç cür uyğun gəlməyən davranışdır”.

F.Ağamalı qeyd edib ki, Azərbaycanın bütün diplomatik normalara, etik qaydalara uyğun olan xəbərdarlıqlarını, Azərbaycan cəmiyyətinin “molla rejimi”nə qarşı sərt etirazını və reaksiyasını nəzərə almayan və nəticə çıxarmayan İranın rəsmi dairələri ən müxtəlif şəkildə ölkəmizə hədə-qorxu gəlməkdən belə çəkinmirlər: “Bir tərəfdən, Ayətullanın vasitəsilə Azərbaycana hədələr gəlir, başqa bir tərəfdən İranın dini lideri tərəfindən Azərbaycanın adı çəkilmədən ölkəmizə qarşı ciddi təhdidlər ortaya qoyulur. Bütün bunlardan isə daha çox qabağa gedən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanı hədələməkdən belə çəkinmir və separatçılara aparılan yüklərlə bağlı Azərbaycanın reaksiyasının qəbuledilməz olduğunu rəsmi şəkildə elan edir. Azərbaycan müstəqillik qazandıqdan bəri İrana qarşı qonşuluq münasibətlərini əsas gətirərək çox səmimi, dostluq münasibətləri nümayiş etdirib. Vaxtilə ABŞ İrana qarşı sərt mövqe ortaya qoyanda və ölkəmizin imkanlarından istifadə etməyə cəhd göstərəndə Prezident İlham Əliyev tərəfindən birmənalı mövqe səsləndirildi ki, İrana qarşı Azərbaycandan üçüncü bir dövlətin bu və ya digər şəkildə fəaliyyətinə imkan verilməyəcək. Azərbaycan bu günə qədər həmin mövqeyini nümayiş etdirməkdədir. Ancaq İran vaxtilə ABŞ-a, İngiltərəyə, Avropaya qarşı istifadə etdiyi "sionizm epiteti" ilə indi də Azərbaycanı hədəfə alıb”.

Deputat bildirib ki, Azərbaycan müstəqil dövlətdir və kiminlə hansı formada münasibət qurması onun hüququdur: “İran rəsmiləri anlamalı, başa düşməlidir ki, bu, Azərbaycanın müstəsna səlahiyyətidir. Heç bir dövlətə digər dövlətin daxili işlərinə qarışmaq səlahiyyəti verilməyib. Bu, mahiyyət etibarilə digər dövlətə təcavüz kimi qiymətləndirilir. Azərbaycan illərdir ki, bir çox ölkələrlə, o cümlədən, İsraillə münasibətlərini qoruyub saxlayır və ən yüksək səviyyədə davam etdirir. İsrail və Azərbaycan xalqları arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətləri var. Məhz hər iki dövlət arasındakı münasibətlər də ilk olaraq buna söykənir. Bu gün Azərbaycan xalqı dəmir yumruq kimi dövləti və Prezident, Ali Baş Komandanı ətrafında sıx birləşib. “Molla rejimi”nin gülüş doğuran bu şouları Azərbaycan xalqının iradəsinə zərrə qədər mənfi təsir göstərmir və göstərməyəcək. Əksinə, bu, Azərbaycan xalqını və dünya azərbaycanlılarını Dövlətimizin, Prezidentimizin, Ordumuzun ərtafında daha sıx şəkildə birləşdirir. Bu cür cəhdlər, şoular, mənasız və populist bəyanatlar Azərbaycanın mövqeyinə və dövlətçiliyinə zərrə qədər təsir göstərməyəcək”./"Report"