logo

"Range Rover”lə 4 nəfəri öldürən Kəlbəliyevin məhkəməsi təxirə salındı

17:11 05-10-2021 | icon 1652
"Range Rover”lə 4 nəfəri öldürən Kəlbəliyevin məhkəməsi təxirə salındı

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası təxirə salınıb.

YeniAvropa xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, ittiham aktı təqsirləndirilən şəxsə 2 gün əvvəl verilib.

Hakim qeyd edib ki, qanuna əsasən, ittiham aktı hazırlıq iclasından azı bir həftə əvvəl təqsirləndirilən şəxsə təqdim olunmalıdır.

Məhkəmə iclası oktyabrın 12-dək təxirə salınıb.

Qeyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.

Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.

Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.