logo

Prezident İlham Əliyev Cəbrayıl rayonunda bir sıra tədbirdə iştirak edib

12:05 05-10-2021 | icon 1645
Prezident İlham Əliyev Cəbrayıl rayonunda bir sıra tədbirdə iştirak edib

Xəbər verildiyi kimi, prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

YeniAvropa xəbər verir ki, səfər çərçivəsində prezident İlham Əliyev “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

Dövlət başçısı burada Rusiya Federasiyası Tatarıstan Respublikasının baş nazirinin müavini, sənaye və ticarət naziri Albert Kərimov və “KamAZ” ASC-nin baş direktorunun müavini Rüstəm Şamsutdinovla görüşüb.

Qeyd edək ki, layihə bu ilin iyul ayında Rusiya şirkətlərinin nümayəndələrinin Azərbaycana işgüzar missiyası çərçivəsində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə “KamAZ” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq “KamAZ” avtomobil zavodu ilə birlikdə həyata keçiriləcək.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yaradılacaq regional servis mərkəzinin ümumi ərazisi 1,5 hektar olacaq. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək. Mərkəzdə “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Burada 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

“KamAZ” ASC-nin “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə birgə layihəsinə 2014-cü ildə start verilib. “KamAZ”ın ilk partiyası 2015-ci ildə buraxılıb. Hazırda orada 8 model “KamAZ” buraxılır və indiyədək 1000-dən çox maşın istehsal olunub. Əməkdaşlığın inkişafı ilə bağlı perspektiv planlar da var. Belə ki, Rusiya bankının maliyyəsinin cəlb edilməsi ilə gələcəkdə lizinq şirkətinin, ehtiyat hissələri üzrə regional anbarların yaradılması, mövcud xidmət mərkəzlərinin müasirləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, Cəlilabad, İsmayıllı və İmişlidəki servis mərkəzləri modernləşdiriləcək. Diqqətə çatdırılıb ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə yükdaşımalarının həcmi artacaq.

***

Oktyabrın 4-də prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub.

Bildirildi ki, Cəbrayıl rayonunda yaradılacaq sənaye parkı 200 hektar ərazini əhatə edəcək. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.

Sənaye Parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 150 nəfərlik konteyner şəhərciyi qurulacaq. Şəhərcikdə Parkın idarə olunması və rezidentlər üçün ofis binaları, inzibati heyət, rezidentlər, tikintini həyata keçirən mühəndis və fəhlələr üçün yaşayış binaları və xidmət obyektləri, tibb məntəqəsi, idman meydançası və digər infrastruktur yaradılacaq.

Bu layihənin həyata keçirilməsi bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq.

Qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu qum-çınqıl, mişar daşı, kərpic gili, sement xammalı, gəc, əhəng və yəşəm kimi faydalı qazıntılarla zəngindir. İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatının əsas sahələri üzümçülük, tütünçülük, heyvandarlıq və taxılçılıq olub. Həmçinin rayonda qaramal kökəltmə, quşçuluq və baramaçılıq təsərrüfatları, xalçaçılıq müəssisəsi, üzüm emalı, çörək zavodları, kənd təsərrüfatı texnikasının təmiri müəssisələri fəaliyyət göstərib.

***

Oktyabrın 4-də Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı olub.

Prezident İlham Əliyev yarımstansiyanın açılışında iştirak edib.

Dövlət başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Cəbrayıl” hava xətləri çəkilib. Bir vaxtlar qoşunların təmas xətti olduğundan tamamilə minalanmış yerlərdən keçən xəttin uzandığı ərazi partlamamış sursatlardan təmizlənib. Hava xəttinin ildırımdan mühafizəsi və yarımstansiyalararası siqnalların ötürülməsi üçün zəruri işlər görülüb. Yeni yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib. O cümlədən 110/35/10 kilovoltluq “Qubadlı” və “Zəngilan” yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün texniki cəhətdən yarımstansiyada lazımi şərait yaradılıb. “Cəbrayıl” yarımstansiyası yeni avadanlıqlarla komplektləşdirilib, burada müasir rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri quraşdırılıb. Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-Scada dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunaraq rəqəmsallaşdırılıb.

“Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək.

***

Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını edib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin açılış mərasimində iştirak etməsi münasibətilə hərbi hissədə mərmər yaddaş daşı və lövhəsi quraşdırılıb.

Prezident İlham Əliyev zirehli döyüş avtomobilini idarə etdi, “Harop” pilotsuz uçuş aparatlarına baxdı.

Ərazisi 64 hektar olan hərbi hissə kompleksinə qərargah binası və əsgər yataqxanası, şəxsi heyətin xidməti yüksək səviyyədə aparması üçün lazımi şəraitlə təmin edilən iş otaqları, yeməkxana binası, hamam-camaşırxana, yaşayış şəhərciyi, avtomobil texnikasının saxlanması üçün bokslar, silah, yanacaq, ərzaq və əşya-geyim anbarları daxildir. Kompleksin təlim şəhərciyində hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi üzrə məşqlərin təşkili, atış poliqonunda müxtəlif cür atıcı və iriçaplı silahlardan atışların keçirilməsi və nəticələrinin qiymətləndirilməsi, şəxsi heyətin mövcud silah və döyüş texnikasından istifadə bacarıqlarının təkmilləşdirilməsinə imkan verən zəruri şərait yaradılıb. İdman şəhərciyində hərbi qulluqçuların idmanla məşğul olmaları üçün futbol və voleybol meydançaları, həmçinin ən müasir standartlara uyğun avadanlıqlar və alətlərlə təchiz olunan idman zalı vardır. Ərazidə əsaslı abadlıq işləri aparılıb.

***

Oktyabrın 4-də Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimi keçirilib.

Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, Baş Plan layihəsinə əsasən şəhərin cənub hissəsində yerləşəcək yeni xəstəxananın ümumi ərazisi 2,6 hektardır. 150 çarpayılıq xəstəxana binasında yoluxucu xəstəliklər korpusu və bir sıra texniki təyinatlı binalar olacaq. Burada rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılacaq. Beləliklə, öz doğma yurdlarına qayıdacaq rayon sakinləri bu tibb ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.

Prezident İlham Əliyev Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının təməlini qoyub.

***

Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində iştirak edib.

Bildirilib ki, 960 şagirdin təhsil alacağı yeni məktəb binasında hər cür inventarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri fəaliyyət göstərəcək. Məktəbin həyətində geniş idman meydançası tikiləcək ki, bu da sağlam nəslin yetişməsi üçün vacib amillərdəndir. Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər ən müasir tələblərə cavab verən təhsil ocağında oxuyacaqlar. 145 yaşlı bu tam orta məktəblə yanaşı, Cəbrayıl şəhərində daha 3 məktəbin tikilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, məktəb 1876-cı ildə tikilib istifadəyə verilmişdi.

***

Oktyabrın 4-də Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi keçirilib.

Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, 10,5 hektar ərazini əhatə edən yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 5 bina tikiləcək və buraya 200-ə yaxın ailə, yəni 654 sakin köçürüləcək. Məhəllədə 4, 5 və 6 mərtəbəli yaşayış, o cümlədən digər təyinatlı binalar olacaq. Bu məhəllədə və ümumiyyətlə, şəhərin mərkəzində tikiləcək binaların fasad və eyvanlarına tarixilikləri qorunmaqla, müasir görkəm veriləcək.

Qeyd edək ki, Cəbrayıl rayonunda işğaldan əvvəl 52 min sakin yaşayırdısa, indi onların sayı 82 minə çatıb. Burada ən vacib amillərdən biri də şəhərdə yaşayacaq insanlara veriləcək suyun yeraltı mənbələrdən çəkilməsidir. Doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basan rayon sakinlərinə burada rahat yaşamaları üçün hər cür şərait yaradılır.

Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoyub.