logo

“Azərsu” ilə "BP" arasında memorandum imzalanıb

18:10 04-10-2021 | icon 1050
“Azərsu” ilə "BP" arasında memorandum imzalanıb

Su təsərrüfatı işçilərinin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının yüksəldilməsi məqsədilə “Azərsu” ASC ilə “BP Eksploreyşn” (Kaspian Si) Limited şirkəti arasında anlaşma memorandumu imzalanıb.

ASC-dən YeniAvropa-ya bildirilib ki, sənədi “Azərsu”nun sədr müavini Köçərli Həsənov və "BP" şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Memorandum “Azərsu”nun Təlim və İnnovasiyalar Mərkəzinin kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması işinin təkmilləşdirilməsinə xidmət edəcək əməkdaşlıq çərçivəsini müəyyənləşdirir.

Qeyd edək ki, “Azərsu” kadr hazırlığı və işçilərin peşəkarlığının artırılması işinin təkmilləşdirilməsi məqsədilə Bakı şəhəri, Hövsan qəsəbəsinin yaxınlığında yerləşən Hövsan Aerasiya Stansiyasının ərazisində sahəsi 5000 kvadratmetr olan 3 mərtəbəli binada Təlim və İnnovasiyalar Mərkəzi yaradılıb və burada eyni anda 300 nəfərədək işçiyə təlim keçmək imkanları mövcuddur. Mərkəzdə nəzəri sinif və startap otaqları, SƏTƏM, SCADA, energetika, mexanika, avtomatika, metrologiya və nəzarət ölçü cihazları kabinetləri, suyun analizi, tədrisin inkişafı laboratoriyaları yaradılıb. Regionlardan təlimə cəlb olunacaq işçilərin rahatlığını təmin etmək üçün Mərkəzdə yataqxana da mövcuddur. Mərkəzin ərazisində Təcrübə Poliqonu tikilərək istifadəyə verilib və təlimə cəlb olunan işçilərlə təcrübə məşğələləri burada aparılır.