logo

Əlilliyin müəyyən edilməsi ilə bağlı yeni meyarlar gələn ilin iyulundan tətbiq olunacaq

16:20 01-10-2021 | icon 630
Əlilliyin müəyyən edilməsi ilə bağlı yeni meyarlar gələn ilin iyulundan tətbiq olunacaq

Əlilliyin müəyyən edilməsi ilə bağlı yeni meyarlar müəyyən ediləcək. Həmin meyarlar Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşdirdiyi ümumi standartlar və bir çox ölkədəki müsbət nəticə nəzərə alınaraq vətəndaşlara təqdim olunacaq. Bu, bizə daha obyektiv qərar vermək üçün imkan yaradacaq, çünki bu meyarlar individual yanaşmaya əsaslanır. Yeni meyarların 2022-ci ilin iyul ayından etibarən vətəndaşlara təqdim edilməsi nəzərdə tutulub.

 YeniAvropa xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Facebook"da canlı yayımlanan “Sosial saat” proqramındakı çıxışı zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

Bildirib ki, yeni meyarlar qəbul edilərkən həm xəstəliklərin, həm funksionallığın beynəlxalq təsnifatı, həm də aparıcı mütəxəssislərin rəyləri nəzərə alınıb. Yeni meyarlara əsasən, əlillik təyinatı orqanizmin funksiyalarının pozulma faizinə görə aparılır. Hazırda I, II və III dərəcə əlilliklər müəyyən edilir və vətəndaşın xəstəliyi yalnız bu üç dərəcəyə uyğun olduqda ona əlillik dərəcəsi verilir. Lakin əlilliyin müəyyən edilməsinin yeni meyarlarında orqanizmin funksiyalarının itirilmə faizi əsas götürüləcək. Xəstəliyin ağırlaşma mərhələləri faizlə hesablanacaq”.