logo

Bakıda “Nəsillərin görüşü” konfransı keçirilir

11:55 01-10-2021 | icon 1911
Bakıda “Nəsillərin görüşü” konfransı keçirilir

Oktyabrın 1-də Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən “Nəsillərin görüşü” adlı konfrans keçirilir.

YeniAvropa xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə həsr edilən konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova tədbir iştirakçılarını salamlayıb, Azərbaycan xalqının tarixi Zəfəri münasibətilə bir araya gəlməkdən məmnunluğunu bildirib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev çıxış edərək tədbirin yaşlı və gənc nəsillərin görüşü baxımından əhəmiyyətindən danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın, sadəcə, bu günü baxımından deyil, həm də gələcəyi baxımından müstəsna rol oynayıb. Vüsal Quliyev xalqımızı bu Zəfərə qovuşduran Prezident, Müzəffər Ali Baş Komandana, şanlı Ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdarlığını ifadə edib.

Konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev Vətən müharibəsində qazanılan Qələbənin önəminə diqqət çəkib. Nazir müavini bu Zəfərin qazanılmasında ölkə gəncliyinin yaxından iştirak etdiyini, dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda böyük əzmkarlıq, vətənpərvərlik və qəhrəmanlıq nümunələri göstərdiyini vurğulayıb.

Tədbirdə çıxış edən veteranlar və dövlət qurumlarının nümayəndələri də Vətən müharibəsindəki tarixi Qələbənin Azərbaycan dövləti və xalqının tarixində mühüm yer tutduğunu, dövlətimizin gücünə güc qatdığını, onun inkişafı üçün daha geniş perspektivlər açdığını qeyd ediblər.