logo

Saakaşvili artıq Batumidədir

10:22 01-10-2021 | icon 2366
Saakaşvili artıq Batumidədir

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Batumidədir.

YeniAvropa xəbər verir ki, bu barədə siyasətçi özünün "Facebook" hesabında məlumat paylaşıb.

M. Saakaşvili paylaşdığı videoda Gürcüstanda olduğunu bildirib:

“Sabahın xeyir Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam”.  

Sabah, oktyabrın 2-də Gürcüstanda yerli seçkilər keçiriləcək. Bu seçkiləri izləmək üçün avropalı müşahidəçilər artıq ölkəyə gəlib.

 Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili daha əvvəl yerli özünüidarəetmə seçkilərinə qədər vətəninə qayıdacağını bildirmişdi.

“Facebook” hesabında yerləşdirdiyi müraciətində o, Gürcüstanda hakimiyyət dəyişikliyi üçün tərəfdarlarını daha aktiv olmağa çağırmışdı.

“Əlbəttə mən geri qayıdacağam, lakin əgər gürcü xalqı aktiv olmasa nəyisə dəyişdirə bilməyəcəyəm. Bütün bunların öz məntiqi var. Ona görə də bizim fəaliyyətə keçmək üçün bir neçə günümüz qalır”, - deyə M. Saakaşvili "Facebook"da yerləşdirdiyi videomüraciətində bildirmişdi.

O, hakim “Gürcü arzusu” partiyasının oktyabrın 2-də keçiriləcək yerli özünüidarəetmə seçkilərində məğlub olacağına, bundan sonra ölkədə erkən parlament seçkiləri keçiriləcəyinə və hakimiyyətin dəyişəcəyinə inandığını vurğulayıb.

Xatırladaq ki, hazırda Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışan M. Saakaşvilinin Gürcüstan vətəndaşlığı ləğv edilib və ona qarşı vəzifədən sui-istifadə maddəsi ilə başlanan cinayət işi üzrə həbs edilməsi barədə məhkəmə qərarı var. Gürcüstanın hakimiyyət nümayəndələri ölkəyə qayıdacağı təqdirdə sabiq prezidentin hava limanından birbaşa həbsxanaya aparılacağını bildiriblər.