logo

UEFA Konfrans Liqası: “Qarabağ” səfərdə "Omoniya"nı darmadağın edib

01:07 01-10-2021 | icon 2772
UEFA Konfrans Liqası: “Qarabağ” səfərdə "Omoniya"nı darmadağın edib

UEFA Konfrans Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ" səfərdə “Omoniya” klubunu darmadağın edib.

YeniAvropa xəbər verir ki, görüşdə hesabı Kipr təmsilçisinin futbolçusu Yan Letsyaks açıb. Lakin Ağdam klubunun heyətində Kadi Borges hesabı bərabərləşdirib. Görüşün 73-cü dəqiqəsində Ramil Şeydayev komandamızı hesabda irəli çıxarıb. Qarşılaşmanın 79-cu dəqiqəsində "Qarabağ" klubunun kapitanı Maksim Medvedev onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasının üçüncü topunu vurub. Oyunda yekun hesabı 90+4-cü dəqiqədə Kadi Borges məlum edib - 4:1.

Beləliklə, "Qarabağ" ilk qələbəsini qazanaraq qrupda liderliyə yüksəlib.

Nikosiyada keçirilən oyunu FIFA referisi Bobbi Maddenin rəhbərliyi ilə Şotlandiyadan olan hakimlər briqadası idarə edir.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes, İbrahim Vadji, Tura Bayramov, Abbas Hüseynov və Kevin Medina meydana çıxıb.

“Omoniya” klubunun ilk onbirliyində isə Fabiano, Paris Psaltis, Fotis Papulis, Tomaş Quboçan, Jordi Qomes, Yan Letsyaks, Fuad Bəşiru, Takis Zaxariu, Marinos Tsioni, Adam Lanq və Andronikos Kakulli yer alıblar.

“Qarabağ” birinci turda Bakıda “Bazel”, “Omoniya” isə Qazaxıstanda “Kayrat” ilə qolsuz heç-heçə edib. H qrupunun digər görüşündə “Bazel” komandası öz meydanında “Kayrat”ı 4:2 hesabı ilə məğlub edib.

Hazırda H qrupunda birinci pillədə 4 xalla "Qarabağ" klubu qərarlaşıb. İkinci pillədə onunla eyni xala malik olan "Bazel", üçüncü və dördüncü pillələrdə müvafiq olaraq 1 xala malik olan "Kayrat" və "Omoniya" klubları qərarlaşıb.