logo

Türkiyə səfirliyində Bakının azad edilməsinin 103-cü ildönümü qeyd edilib

19:20 15-09-2021 | icon 1701
Türkiyə səfirliyində Bakının azad edilməsinin 103-cü ildönümü qeyd edilib

Sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində tədbir keçirilib.

YeniAvropa xəbər verir ki, tədbir şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç, Azərbaycan Milli Məclisinin deputatları da iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Cahit Bağçı Türkiyə-Azərbaycan qardaşlığından danışıb, 15 sentyabr tarixinin əhəmiyyətindən söz açıb.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç isə bildirib ki, Nuru paşanın gəlişi ilə Azərbaycan gəncləri, Azərbaycan Silahlı Qüvvələri birləşərək Bakını işğaldan azad ediblər. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin sıx qardaşlıq münasibətlərindən narahat olanlar var. Prezidentlərimizin bu münasibətləri Türkiyədəki türklərlə Azərbaycandakı qardaşlarımızın əlaqələrini yaxşılaşdırır. Zəfərlər Qarabağda olduğu kimi, sadəcə, silahla qazanılmır. Dayanıqlı inkişafı davam etdirmək üçün onu sosial, iqtisadi platformalarda dəstəkləmək lazımdır. Biz İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyası, Türkiyə Ombudsmanlığı olaraq bu əməkdaşlığı inkişaf etdiririk.

Türkiyə və Azərbaycanın 103 il əvvəlki ölkələr olmadığını diqqətə çatdıran Ş.Malkoç deyib: “O vaxt türk və İslam dünyaları tənəzzül dövrünü yaşayırdı. İndi isə Azərbaycan və Türkiyənin dostluğu sayəsində türk və İslam dünyaları inkişafa doğru gedir. Bizim qarşımızda böyük hədəflər var. Dünyada müharibələr gedir, insan haqları pozulur. Dünya yeni bir düzən gözləyir. Bu da mərhəmətə, şəfqətə əsaslanır. Bu anlayışın toxumlarını Azərbaycanda, Türkiyədə görürük.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov diqqətə çatdırıb ki, Azərbaycan bu gün ilk dəfə bu əlamətdar günü ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi qeyd edir.

Milli Məclisin deputatları Qənirə Paşayeva və Məlahət İbrahimqızı Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını, Silahlı Qüvvələrimizin isə Qarabağı azad etməsi ilə bağlı geniş maarifləndirmə işlərinin aparılmasına, filmlərin çəkilməsinə ehtiyac olduğunu bildiriblər. Eyni zamanda, qeyd edilib ki, 15 sentyabr Azərbaycanın bolşevik işğalından azad olunduğu tarixdir. Bu gün isə Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir.

0-1

Tədbir digər çıxışlarla davam edib.