logo

Cahit Bağçı: "İgidlərinin qanları ilə sulanmış bu torpaqlar həm də qardaşlıq xəmirini yoğurub"

17:35 15-09-2021 | icon 1855
Cahit Bağçı: "İgidlərinin qanları ilə sulanmış bu torpaqlar həm də qardaşlıq xəmirini yoğurub"

Sentyabrın 15-də Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə “Türk şəhidliyi” abidəsinin qarşısında anım mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, səfirliyin əməkdaşları iştirak ediblər.

Səfir Cahit Bağcı abidənin önünə əklil qoyub.

Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsi zamanı şəhid olan türk hərbçilərinin xatirəsi yad edilib.

Tədbirdə çıxış edən səfir bildirib ki, 103 il əvvəl türk ordusunun bolşeviklərlə mübarizədə azərbaycanlı qardaşlarının yardımına gəlməsi əsl qəhrəmanlıq dastanıdır. “Əziz şəhidlərimiz! Siz Azərbaycan xalqının müstəqilliyi uğrunda savaşaraq canınızdan keçdiniz. “Bir millət, iki dövlət” anlayışı ilə Azərbaycan və Türkiyənin sevinci də, kədəri də birdir. Azərbaycanın digər bölgələrində olduğu kimi, Bakıda da rahatlıqla uyuyun. Siz məqamın ən ucasına çatmısınız. Ruhunuz şad olsun!”, - deyə səfir qeyd edib.

Diplomat bildirib ki, Osmanlı dövləti 103 il əvvəl Balkan yarımadası, Suriya, İraq və Şərq cəbhələrində ölüm-qalım mübarizəsi aparırdı. Bu dönəmdə bolşeviklərin işğalı və zülmü ilə üzləşən azərbaycanlı qardaşlarının köməyinə gələrək, Azərbaycanı müdafiə etməsi qəhrəmanlıq dastanıdır. Anadolunun və Qafqazın igidlərinin qanları ilə sulanmış bu torpaqlar həm də qardaşlıq xəmirini yoğurub.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin məzarları üzərinə güllər qoyulub, xatirələrinə ehtiram ifadə edilib.

Səfir Cahid Bağcı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.