Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbayacanın ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi.
Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.
Aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayıb, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanıb və xatırlanacaq.