logo

Ağsuda 6 il əvvəl törədilən qətl hadisəsinin üstü açılıb

16:13 13-09-2021 | icon 1694
Ağsuda 6 il əvvəl törədilən qətl hadisəsinin üstü açılıb

Xəbər verildiyi kimi, 2015-ci il iyulun 6-da Ağsu rayon sakini Sahib Babayevin Ağsu çayının kənarında meyitinin aşkarlanması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun əvvəlki Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq aparılıb, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, 2020-ci ildə həmin cinayət işi Baş Prokurorluğun istintaq idarəsində yenidən öyrənildikdən sonra icraat təzələnib və aparılmış çoxsaylı istintaq hərəkətləri nəticəsində cinayət əməlinin Ağsu rayon sakini Vahid Gözəlov tərəfindən törədilməsi müəyyən edilib.

İstintaqla müəyyənləşdirilib ki, Vahid Gözəlov 2015-ci il iyunun 18-də saat 21 radələrində işlədiyi avtomobil təmiri sexindən çıxıb bacısı evinə gedərkən, sonuncunun həyətində Sahib Babayevi oturmuş vəziyyətdə görüb onunla şəxsi münasibətlər zəminində mübahisə etməklə öldürmək qərarına gələrək, Sahib Babayevin sifət nahiyəsinə iki dəfə sillə vurub yerə yıxıb, sonuncunun başının daş hasara dəyərək huşsuz vəziyyətə düşməsini və bununla da onun müqavimət göstərmək imkanının olmamasını görüb, yaxınlıqda olan sintetik iplə Sahib Babayevi boğub öldürüb, sonrakı günlərdə isə meyiti sellofona bükərək torbaya salıb Ağsu çayının kənarına aparıb qoyub.

Vahid Gözəlov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.