logo

İlisuda qida yarmarkası keçirilib

18:32 12-09-2021 | icon 2737
İlisuda qida yarmarkası keçirilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilən “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı və inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində növbəti yerli qida sərgi-yarmarkası sentyabrın 12-də Qax rayonunun səfalı guşələrindən olan İlisu kəndində təşkil olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, layihənin məqsədi kiçik kənd təsərrüfatı sahibkarlığını dəstəkləyən səmərəli və inklüziv aqro-ərzaq sistemlərini inkişaf etdirməkdir. Layihə bu bölgə üzrə geniş istehsal dairəsi olan fındıq əzməsi, xurma qurusu və bəkməz, bal, qoz mürəbbəsi, qaxac ət məhsullarının istehsalını dəstəkləməklə dəyər zənciri formalaşdırır.

Qaxın məşhur istirahət mərkəzlərindən olan “Səngər Qala” otelinin həyətində təşkil olunan sərgi-yarmarkada layihədən yararlanan 19 istehsal qrupunun 100-dən çox adda məhsulu nümayiş edilib, eyni zamanda, satışı təşkil olunub. Yarmarkada təqdim olunan bu bölgəyə xas müxtəlif şirniyyatlar, fındıqdan hazırlanan məhsullar, qaxac ət və quru dolma, meyvə quruları, turşular, mürəbbələr, bəkməz, bal və arıçılıq məhsulları, digər ləziz təamlar öz keyfiyyəti və çeşidi ilə iştirakçıların marağına səbəb olub.

Qeyd edək ki, layihə çərçivəsində növbəti qida yarmarkalarının sentyabrın 18-19-da Zaqatala və Balakən rayonlarında təşkil edilməsi nəzərdə tutulur.