logo

Azərbaycan Müdafiə Nazirliyi İrandan Rusiya Sülhməramlı qüvvələrin komandanlığına şikayət etdi

14:54 12-09-2021 | icon 7336
Azərbaycan Müdafiə Nazirliyi İrandan Rusiya Sülhməramlı qüvvələrin komandanlığına şikayət etdi

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir. Bildirilir ki, məktublarda qeyd edilib ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin, Ermənistan baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata ziddir və onların qarşısının alınması xahiş olunub.

Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır.

Xatırladaq ki, cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 70 dəfə laçın dəhlizinə daxil olub və çıxıb. Bundan sonra 11 avqustda İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq nota verildi və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə olundu.

Bakının etirazına baxmayaraq,bu yaxınlarda sosial şəbəkələrdə yenidən İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağa necə davam etdiyini göstərən videogörüntülər yayılıb. 

11 avqustdan 10 sentyabradək xüsusən yanacaq və sürtkü yağları ilə dolu 58 yük maşını müxtəlif məqsədlər üçün Xankəndiyə daxil olub. Daha sonra isə onlardan 55-i geri qayıdıb.