logo

İntihar edən əsgərin rəisi həbs edildi

17:17 10-09-2021 | icon 1610
İntihar edən əsgərin rəisi həbs edildi

Azərbaycan Respublikasının Baş Prokurorluğu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun intihar etməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, sentyabrın 6-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məmmədağa Məlikzadənin odlu silahdan atəş açaraq özünü öldürməsi faktı əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır.

İstintaqla N saylı hərbi hissəsinin baş çavuşu Fərəməz Abasovun rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tabeliyində olan şəxsə - əsgər Məmmədağa Məlikzadəyə qarşı zor tətbiq etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Fərəməz Abasov Cinayət Məcəlləsinin 329.2.1-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Bakı Hərbi Məhkəməsinin müvafiq qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.