logo

MTN generalının şantaj yolu ilə rüşvət aldığı şəxslərin adları məlum olub

19:19 09-09-2021 | icon 1463
MTN generalının şantaj yolu ilə rüşvət aldığı şəxslərin adları məlum olub

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi məhkəmə icraata qəbul edilib.

YeniAvropa xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçiriləcək proses sentyabrın 23-nə təyin edilib.

Məhkəmə iclasına hakim Camal Ramazanov sədrlik edəcək.

Cinayət işi üzrə 4 zərərçəkmiş var. Onlar Abbasov Emin Seyid Ağa oğlu, Ağayev Rahib Balay oğlu, Ağayev Vüqar Asif oğlu, Yusifov Mirzəli Ağaəli oğludur.

İttihama görə, adiçəkilən şəxslərin mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsinə, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almasına, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulub.