logo

İlham Əliyev Estoniyanın yeni seçilmiş prezidentini təbrik edib

15:59 09-09-2021 | icon 1652
İlham Əliyev Estoniyanın yeni seçilmiş prezidentini təbrik edib

Prezident İlham Əliyev sentyabrın 9-da Estoniya Respublikasının yeni seçilmiş prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: 

"Hörmətli cənab Karis,

Estoniya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".

Xatırladaq ki, avqustun sonunda Estoniya parlamentinin deputatları mili muzeyin direktoru Alar Karisi ölkə prezidenti seçiblər. Estoniya KİV-lərinin məlumatına əsasən, Karis seçkilərin ikinci turunda yeganə namizəd olub. Onun namizədliyini səsvermədə iştirak edən 80 deputatdan 72-si dəstəkləyib. 

Alar Karis 1958-ci il martın 26-da Tartuda doğulub. 1981-ci ildə Estoniya Kənd Təsərrüfatı Akademiyasının baytarlıq fakültəsini bitirib. Daha sonra Almaniya, Böyük Britaniya və Niderlandın bir neçə universitetində təhsil alıb. 1999-cu ildən Tartu Universitetinin professorudur. 2007-2012-ci illərdə həmin universitetin rektoru olan Karis 2017-ci ildə Estoniya Milli Muzeyinin direktoru seçilib.