logo

Gələn il dövlət büdcəsinin gəlirləri 26,4 milyard manat proqnozlaşdırılır

14:44 09-09-2021 | icon 2695
Gələn il dövlət büdcəsinin gəlirləri 26,4 milyard manat proqnozlaşdırılır

2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da ÜDM-in 32,5 faizini təşkil edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, gəlirlərin proqnozlaşdırılan həcmi 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8 faiz çoxdur.

Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək.

Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır.

Vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaların artımını 2021-ci ilin təsdiq olunmuş göstəricisinə (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) nəzərən 1 milyard 844 milyon manat və ya 19,3 faiz proqnozlaşdırmağa imkan verir.