logo

Azərbaycanın MSK üzvləri Gürcüstanda keçiriləcək seçkiləri izləyəcəklər

13:33 09-09-2021 | icon 1568
Azərbaycanın MSK üzvləri Gürcüstanda keçiriləcək seçkiləri izləyəcəklər

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 2-də yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkiləri izləmək üçün beynəlxalq müşahidəçiləri dəvət edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstan MSK-dan məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-də keçiriləcək seçkilər Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir. MSK seçkilərin tam azad, şəffaf və ədalətli keçirilməsi üçün bütün imkanları səfərbər edəcək. İlk növbədə çoxlu sayda yerli və beynəlxalq müşahidəçilər dəvət olunacaq. Artıq 100-dən çox yerli və beynəlxalq müşahidəçi MSK-da qeydiyyatdan keçib.

ATƏT-in beynəlxalq müşahidə missiyasının üzvləri seçkilərə hazırlığın ilkin mərhələsini öyrənirlər.

Gürcüstan MSK ATƏT, Avropa Şurası, Avropa İttifaqı, GUAM, Baltik Assambleyası və digər beynəlxalq təşkilatlara dəvətnamələr göndərib. Eyni zamanda, bir sıra ölkələrə də müraciət edilərək müstəqil müşahidəçi göndərmələri xahiş olunub.

Bir neçə ölkə, o cümlədən Azərbaycan seçkilərə müşahidəçi göndərəcəyini bəyan edib. Azərbaycan MSK-nın iki üzvü beynəlxalq müşahidəçi kimi artıq qeydiyyata alınıb.

Qeyd edək ki, oktyabrın 2-də keçiriləcək yerli seçkilərdə Gürcüstan vətəndaşları 64 mer və 64 yerli məşvərətçi orqan olan sakrebuloya 2044 deputat seçəcəklər.